Rusiya İstanbul modelinə qayıtmaq istəyir, Ukrayna isə razı deyil - Türk general

  • Yücel Karauz deyib ki, yaxın vaxtlarda Ukrayna-Rusiya arasında sülh sazişi gözlənilmir

Yaxın Şərqdə imzalanan memoranduma əsasən müharibə dayansa da, Şərqi Avropada vəziyyət çıxılmaz həddə çatıb. Ukrayna ordusu 4 ildə ilk dəfə Rusiyanın paytaxtı Moskvaya genişmiqyaslı hücumlar həyata keçirib. Döyüşlərin aktiv fazaya keçdiyi dövrdən bu günədək, Rusiyanın canlı qüvvə itkisi 325 minə, Ukraynada isə 140 minə çatıb.

Müharibənin qurbanına çevrilən günahsız insanların statistik göstəricilərini rəqəmlərlə ifadə etmək belə ağırdır. Lakin Rusiya lideri Vladimir Putinin danışıqlara meyilli açıqlamaları atəşkəs və sülhə olan ümidləri artırıb. Putin Ukrayna ilə sülh danışıqlarına hazır olduqlarını açıqlayıb. O, danışıqların İstanbulda əldə olunan razılaşmalar əsasında baş tutmasını tələb edib. Qeyd edək ki, Putinin bəhs etdiyi razılaşmalar, 2022-ci ildə Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda baş tutan görüşündə ərsəyə gəlib. Görüşdə Ukraynanın neytral status qəbul edərək, NATO-ya üzvlükdən imtina etməsi, bunun müqabilində isə ölkəyə beynəlxalq təhlükəsizlik təminatlarının verilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Putinin sülhə meyilli açıqlamaları tərəflərin yaxın zamanda danışıqlar masasına qayıdacağına işarədir?

Mövzu ilə bağlı Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz Sherg.az-a bildirib ki, Kremlin rəhbərliyi 2022-ci ildə İstanbulda müzakirə olunan sənədlərə bu gün də istinad edir:

“Lakin həmin vaxt İstanbulda razılaşdırılan məsələlər heç vaxt yekun sülh sazişinə çevrilmədi. Görüşdə həm Zelenski, həm də Putin güzəştlərə getməyə hazır görünürdülər. Fikir ayrılıqları danışıqları nəticəsiz qoydu. Ən böyük fikir ayrılığı təhlükəsizlik təminatları üzərində dayandı. Ukrayna gələcəkdə yenidən hücuma məruz qalacağı təqdirdə, təminatçı ölkələrin hərbi baxımdan yardım göstərməsini istəyirdi. Bu mexanizm NATO-nun 5-ci maddəsinə bənzədiyi üçün qarşı tərəf razılaşmadı. Rusiya hərbi yardımın yalnız bütün zəmanətçi ölkələrin yekdil razılığı əsasında göstərilməsini şərt qoşdu. Bu isə faktiki olaraq Rusiyaya öz təcavüzkar hərəkətlərinə qarşı yönəlmiş beynəlxalq yardımı “veto” etmək imkanı verirdi”. 

Türk generalın sözlərinə görə, Ukrayna ordusunun məhdudlaşdırılması məsələsi də danışıqları dalana dirədi:

“Kremlin tələbinə görə, Ukrayna ordusunun sayı kəskin şəkildə azaldılaraq 85 minlik həddə salınmalı, ölkənin ağır silah arsenalı və uzaqmənzilli raket potensialı tamamilə məhdudlaşdırılmalı idi. Bu gün olduğu kimi, İstanbul danışıqlarında da, Donetsk və Luqanskin taleyi tərəflərin barışmaz maraqlarının toqquşduğu əsas düyün nöqtəsinə çevrilmişdi. Danışıqları uğursuzluğa düçar edən digər mühüm səbəblərdən biri də, Buça hadisələri oldu. 2022-ci ilin aprelində Buça şəhərində mülki şəxslərin qətlə yetirilməsini əks etdirən dəhşətli görüntülərin ortaya çıxması, Ukrayna və Qərb tərəfində Moskvaya qarşı qalan son etimad qırıntılarını da darmadağın etdi. Bundan sonra kompromisə getmək daha da çətinləşdi”. 

Y.Karauz qeyd edib ki, cəbhə xəttində baş verənlər danışıqların gedişatını dəyişdi:

“Rusların Kiyev ətrafından çəkilməsi, Ukrayna ordusunun qələbəyə ümidlərinə yeni nəfəs gətirdi. Beləliklə, Ukrayna danışıqlar masasında birtərəfli güzəştlərə boyun əyməkdənsə, hərbi əməliyyatı davam etdirməyin ölkənin gələcək taleyi üçün yeganə effektiv yol olduğu qənaətinə gəldi. Xarici aktorların prosesə müdaxiləsi, danışıqlarının uğursuz nəticələnməsinə yekun zərbə oldu. Böyük Britaniyanın o zamankı hökumət başçısı Boris Consonun Kiyev səfəri danışıqların gedişatını dəyişdi. Rusiya ilə saziş imzalanmasının əleyhinə olan Conson, Kiyev rəhbərliyini sülh variantından imtina eləməyə vadar etdi”. 

Ekspertin fikrincə, Rusiya 2022-ci il İstanbul layihəsini danışıqlar üçün baza kimi görür:

“Ukrayna isə ərazi bütövlüyünün bərpası və etibarlı təhlükəsizlik zəmanətləri olmadan razılaşmaya getmək istəmir. Dərin fikir ayrılığı fonunda, yaxın gələcəkdə tərəflərin yenidən İstanbulda bir araya gəlib, yekun sülh sazişi imzalayacağını gözləmək çətindir”.