Rusiya Qərbin hərbi yaxınlaşmasını təhlükə sayır - Hasan Oktayın ŞƏRHİ

"Bu qlobal gərginlik fonunda Türkiyənin regiondakı balanslaşdırıcı rolu və Türk Dövlətləri Təşkilatı kimi alternativ platformaların strateji əhəmiyyəti daha da artmaqdadır"

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, NATO-nun bu regionda təsir imkanlarını genişləndirmək niyyəti narahatlıq doğurur. O, alyansın fəaliyyət dairəsinin Asiya-Sakit okean bölgəsinə qədər uzandığını qeyd edib.

Lavrov Avrasiya təhlükəsizlik strukturunun formalaşdırılmasını Rusiyanın KTMT sədrliyi çərçivəsində əsas prioritetlərdən biri adlandırıb. O, kollektiv qüvvələrin döyüş potensialının artırılması və müasir silahlarla təchiz olunmasının vacibliyini vurğulayıb.

Nazir həmçinin postsovet məkanında həyata keçirilən “qeyri-şəffaf” bioloji proqramların risk yaratdığını bildirib. 

Bu açıqlamaların Rusiya ilə Qərb arasında davam edən geosiyasi rəqabət fonunda səsləndirilməyi diqqət çəkib.

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay mövzu ilə bağlı Sherg.az-a açıqlamasında Lavrovun səsləndirdiyi fikirləri bir neçə istiqamətdə təhlil edib:

"Rusiya xarici işlər naziri Sergey Lavrovun bu bəyanatları, Rusiyanın “Yaxın Xaric” adlandırdığı coğrafiyada formalaşdırdığı geosiyasi müdafiə xəttini və Qərb ilə apardığı nüfuz mübarizəsini açıq şəkildə ortaya qoyur. Bu açıqlamaları bir neçə əsas strateji başlıq altında təhlil etmək mümkündür.

Birincisi, Avrasiya təhlükəsizlik arxitekturası və NATO-nun Genişlənməsi məsələsidir. Lavrovun fikirləri göstərir ki, Rusiya artıq təhlükəsizlik anlayışını yalnız Avropa mərkəzli çərçivədə görmür. O, Avrasiya miqyasında alternativ strateji model qurmağa çalışır.

Lavrov NATO-nun fəaliyyət dairəsinin təkcə Şərqi Avropa ilə məhdudlaşmadığını, Tayvan boğazı və Cənubi Çin dənizi kimi bölgələrə qədər uzandığını iddia edir. Eləcə də alyansı “qlobal sabitliyi pozan amil” kimi təqdim edir.

Moskva NATO və ATƏT kimi Qərb mərkəzli strukturlara qarşı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT/CSTO) vasitəsilə öz təhlükəsizlik blokunu möhkəmləndirməyə çalışır.

Ekspert ikinci vacib məsələnin KTMT-nin Transformasiyası mövzusu olduğunu deyib: 

"Nazirin “güc komponentinin təkmilləşdirilməsi” ifadəsi KTMT-nin strukturunda ciddi dəyişikliklərə işarə edir.

KTMT-nin yalnız formal bir müdafiə ittifaqı deyil, müasir silahlarla təchiz olunmuş, sürətli reaksiya qabiliyyətinə malik real hərbi mexanizmə çevrilməsi hədəflənir. Ukrayna müharibəsindən sonra Orta Asiya və Cənubi Qafqazdakı müttəfiqlərin-xüsusilə Ermənistan nümunəsində Rusiyaya olan etimadının zəifləməsi fonunda Moskva “biz hələ də buradayıq və güclüyük” mesajını verməyə çalışır.

Bioloji təhlükəsizlik və “Şəffaf olmayan proqramlar” diskursu da diqqət çəkir.

Lavrovun bioloji təhlükəsizliklə bağlı açıqlamaları Rusiyanın son illərdə intensiv şəkildə istifadə etdiyi diplomatik ritorikanın tərkib hissəsidir.

Rusiya Ukrayna, Gürcüstan və Orta Asiya ölkələrində ABŞ-nin maliyyələşdirdiyi laboratoriyaların bioloji silah istehsalı məqsədi daşıdığını iddia edir. Bu narrativ, region ölkələrinin Qərblə əməkdaşlıqdan çəkindirilməsi üçün “təhlükəsizlik riski” kimi təqdim olunur".

Politoloq bu açıqlamaların regiondakı əsas aktorlar üçün bir sıra mesajlar ehtiva etdiyini vurğulayıb:

"Dördüncü vacib məsələ Moskvanın regional güc balansına təsiridir.

Bu açıqlamalar regiondakı əsas aktorlar üçün bir sıra mesajlar ehtiva edir. Rusiya Azərbaycan və Orta Asiya ölkələrinin NATO və ümumilikdə Qərb ilə hərbi yaxınlaşmasını birbaşa təhlükə kimi qiymətləndirəcəyini açıq şəkildə xatırladır.

Moskva 2026-cı ildən etibarən KTMT sədrliyindən istifadə edərək təşkilat daxilində intizamı gücləndirməyi və üzv ölkələrin xarici siyasət kurslarını Rusiya ilə daha uyğun hala gətirməyi hədəfləyir.

Rusiya Qərbin “əhatələmə” siyasətinə Avrasiyanı vahid təhlükəsizlik qalxanına çevirməklə cavab verməyə çalışır". 

Analitik Lavrovun bəyanatlarının sadə diplomatik xəbərdarlıq deyil, regionda hərbi hazırlıqların,silahlanmanın modernləşdirilməsi, birgə hərbi təlimlərin intensivləşdirilməsi və legitimləşdirilməsi cəhdi olduğunu qeyd edib:

"Bu qlobal gərginlik fonunda Türkiyənin regiondakı balanslaşdırıcı rolu və Türk Dövlətləri Təşkilatı kimi alternativ platformaların strateji əhəmiyyəti daha da artmaqdadır".