Rusiya strateji tərəfdaşı İranı tək buraxdı - RƏY

“Vədlər verilmiş olsa da, raketləşdirilmiş hava hücumundan müdafiə sistemləri və bir sıra döyüş təyyarələri çatdırılmadı"

Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, İran ətrafındakı vəziyyətin hərbi yolla həlli heç bir dövlətin təhlükəsizliyini təmin etməyəcək, sülh yolu ilə nizamlama zəruridir:

“Hesab edirik ki, burda sülh yolu ilə nizamlama olmalıdır. Fələstin məsələsində olduğu kimi, bu prosesdə birbaşa iştirak edən bəzi tərəflərdə hərbi yol tətbiq etmək və rəqibləri tam məğlub etmək istəyi yarana bilər. Amma bu, düzgün yanaşma deyil. Belə cəhdlər yalnız problemləri artırardı, heç bir halda heç bir dövlətin təhlükəsizliyini təmin etməyəcək və məsələni həll etməyəcək.

Buna görə də çinli tərəfdaşlarımızla birlikdə iranlı dostlarımızla daimi təmasdayıq. Bu, bizi narahat edir, İranın gələcəyi barədə qayğı doğurur”, - nazir vurğulayıb.

Mövzu ilə bağlı politoloq Sədrəddin Sultan “Sherg.az”a deyib ki, “12 günlük müharibə” göstərdi ki, Rusiya strateji tərəfdaşı olan İranı faktiki olaraq müdafiə edə bilmədi:

“Vədlər verilmiş olsa da, raketləşdirilmiş hava hücumundan müdafiə sistemləri və bir sıra döyüş təyyarələri çatdırılmadı. Son dövrlərdə isə Rusiya İrana döyüş helikopterləri təqdim edi. Bu kontekstdə Lavrovun açıqlamaları Rusiyanın İran qarşısında üzərinə düşən öhdəlikləri qismən icra etməsi kimi də qiymətləndirilə bilər.

Bununla belə, İran-ABŞ münasibətləri Çin və Rusiyanın dəstəyinə arxalanarsa, vəziyyət əvvəlki “12 günlük müharibə”də olduğu kimi gərginləşə bilər. Hazırda Vaşinqton və Tehran arasında birbaşa ikitərəfli danışıqlar keçirilir və birinci mərhələ artıq tamamlanıb.

Lavrovun “Çinli tərəfdaşlarımızla birlikdə iranlı dostlarımızla daimi təmasdayıq” ifadəsi, əsasən İranın təhlükəsizliyi və gələcəyi ilə bağlı risklərin qarşısını almaq məqsədilə strateji və diplomatik əlaqələrin davam etdirildiyini göstərir. Bu, həm də Rusiya, Çin və İran arasında koordinasiyanın mövcud olduğunu və hər hansı regional təzyiq və ya hərbi ssenarilərin qarşısını almaq niyyətini ifadə edir”.