“Rusiya Türkiyədən imtina edə bilməz” - NATO sammiti ilə bağlı maraqlı TƏHLİL

  • İlqar Vəlizadə: “Ukraynaya hərbi dəstək Rusiyanı Türkiyədən uzaqlaşdırmayacaq”
  • “Moskva Türkiyə-Ukrayna hərbi əməkdaşlığını çoxdan qəbul edib”

NATO-nun Ankarada keçirilən son sammiti və Türkiyənin Ukraynaya hərbi dəstəyi genişləndirməyə hazır olduğunu bəyan etməsi Rusiyanın diqqətindən yayınmayıb. Xüsusən də, Türkiyənin PURL təşəbbüsünə açıq dəstək verməsi və NATO-nun Rusiyanı uzunmüddətli təhlükə kimi xarakterizə edən sənədləri qəbul etməsi Rusiyada ciddi narazılıq doğurub.

Artıq bəzi rusiyalı ekspertlər və media orqanları Türkiyəni Moskva üçün “təhlükəli tərəfdaş” adlandıraraq Ankaraya qarşı iqtisadi və siyasi təzyiq tədbirlərinin görülməsini təklif edirlər. Təkliflər arasında Rusiyadakı türk şirkətlərinin fəaliyyətinin məhdudlaşdırılması, “Akkuyu” Atom Elektrik Stansiyası layihəsinin ləngidilməsi, Türkiyəyə çarter reyslərinin dayandırılması və 2015-ci ildə tətbiq olunan sanksiyalara bənzər addımların atılması da yer alır. Maraqlıdır, NATO-nun Türkiyə üzərindən bölgədə daha aktiv mövqe tutması və Ankaranın Ukraynaya dəstəyini artırması Rusiya-Türkiyə münasibətlərinə necə təsir edəcək? 

Mövzunu şərh edən politoloq İlqar Vəlizadə Sherg.az-a açıqlamasında bildirib ki, NATO sammitinin Ankarada keçirilməsi və burada Ukraynaya hərbi dəstək məsələsinin müzakirə olunması Rusiya-Türkiyə münasibətlərinə ciddi təsir göstərməyəcək. Çünki Moskva üçün Türkiyə regionda əvəzolunmaz ticarət-iqtisadi tərəfdaşlardan biridir. Politoloq bildirib ki, Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsi on milyardlarla dollarla ölçülür:

“Türkiyə Rusiyanın ən böyük enerji tərəfdaşlarından biri olmaqla yanaşı, Rusiya qazının əsas alıcılarından hesab olunur. Eyni zamanda, Türkiyə Rusiyanın Avropa bazarları ilə əlaqələrinin qorunmasında mühüm tranzit rolunu oynayır. Eyni zamanda, Kreml Ankara ilə Kiyev arasında hərbi-texniki əməkdaşlığın yeni proses olmadığını və uzun illərdir davam etdiyini yaxşı anlayır. Mövcud şəraitdə isə nə Türkiyə, nə də Ukrayna Rusiya faktoruna görə bu əməkdaşlığı yenidən nəzərdən keçirmək niyyətindədir. Həmçinin Rusiya Türkiyənin NATO üzvü olduğunu və alyansın aparıcı dövlətlərindən biri kimi kollektiv qərarlarda iştirak etdiyini nəzərə alır. NATO ölkələri Ukrayna ilə hərbi əməkdaşlığın genişləndirilməsi barədə qərar qəbul etdiyi halda, Türkiyənin bu prosesdən kənarda qalması mümkün deyil”.

Politoloq qeyd edib ki, Ukrayna Türkiyə üçün həm strateji tərəfdaş, həm də mühüm iqtisadi bazardır. Buna görə də Ankara bir tərəfdən NATO üzrə öhdəliklərini yerinə yetirir, digər tərəfdən isə Moskva ilə münasibətlərdə qarşılıqlı maraqlara əsaslanan balans siyasətini davam etdirir”.