Rusiya–Ukrayna savaşında kompromis ehtimalı zəifləyir - ŞƏRH

  • "Hər iki ölkənin taleyini cəbhədəki vəziyyət həll edəcək”

Müharibəni dayandırmaq üçün Ukrayna və Rusiya liderləri sülh danışıqlarına hazır olmalıdır”. Bu barədə NATO baş katibi Mark Rutte deyib. Baş katib bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski belə danışıqlara hazırdır, o, danışıqlar masasına oturmağa can atır. Amma Rusiya Prezidenti Vladimir Putin buna hazır deyil”. Rutte əlavə edib ki, bu kontekstdə Ağ Ev müharibəyə son qoymaq cəhdlərində böyük rol oynayır: “Mən həmişə ABŞ-nin mövqeyinə müsbət yanaşmışam”.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi davam etdikcə, Qərb daxilində münaqişəyə yeni siyasi və strateji yanaşmalar formalaşmağa başlayıb. Xüsusilə ABŞ lideri Donald Trampın Ukrayna məsələsinə baxışı həm Avropa paytaxtlarında, həm də Kiyevdə ciddi narahatlıq yaradıb. Fransa, Almaniya və Böyük Britaniya Ukraynaya dəstəyin davam etdirilməsi üçün diplomatik fəallıqlarını artırarkən, Vaşinqtonun Rusiyaya qarşı daha sərt addımlar atmasına çalışırlar.

Avropa liderləri yaxşı anlayırlar ki, ABŞ dəstəyinin azalması Ukraynanın müdafiə imkanlarına ciddi təsir göstərə bilər. Bu səbəbdən Avropa ölkələri Tramp administrasiyasını Rusiyaya qarşı daha sərt addımlara təşviq etməyə çalışırlar.

  • Rusiya-Ukrayna müharibəsi ətrafında yaranmış mövcud vəziyyəti şərh edən Milli Cəbhə partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında müharibə fonunda geosiyasi böhranın dərinləşdiyini deyib. Onun sözlərinə görə, hazırkı mərhələdə tərəflər arasında kompromis ehtimalı zəif görünür və bu da münaqişənin uzunmüddətli xarakter alacağını göstərir:

“Proses çoxdan regional çərçivədən çıxaraq qlobal güclər arasında strateji qarşıdurma xarakteri alıb. Rusiya Ukraynada son bir il ərzində ciddi irəliləyiş əldə edə bilmir. Tərəflər arasında təmas xəttində əsasən mövqe döyüşləri gedir. Rusiya Donbasın tam inzibati sərhədlərinə çıxmaq məqsədinə nail ola bilməyib. Ukrayna isə cəbhə xəttində müəyyən taktiki üstünlüklər əldə edərək Rusiyanın irəliləyiş tempini zəiflədib.

Krım istiqamətində Ukraynanın artan hərbi təzyiqi Rusiyanın yarımadadakı hərbi qüvvələrinin təchizatında çətinliklər yaradır. Eyni zamanda, həm cəbhə xəttində, həm də arxa cəbhədə Rusiya ciddi itkilərlə üzləşir. Ukrayna Rusiyanın neft-qaz infrastrukturu və hərbi-sənaye obyektlərinə zərbələr endirməklə Moskvanın iqtisadi və hərbi potensialına təsir göstərməyə çalışır.

Rusiyanın Kiyevə raket hücumlarına cavab olaraq Ukraynanın Rusiya ərazisindəki enerji və neft emalı obyektlərini hədəfə alması müharibənin yeni mərhələyə keçdiyini göstərir. Bu, tərəflər arasında qarşılıqlı çəkindirmə elementlərinin gücləndiyini nümayiş etdirir”.

  • Ekspertin sözlərinə görə, Ukraynanın müdafiə imkanlarının güclənməsində Qərb ölkələrinin hərbi, maliyyə və siyasi dəstəyi mühüm rol oynayır:

"Ukrayna prezidentinin Londonda Fransa, Almaniya və Böyük Britaniya liderləri ilə keçirdiyi görüşlərdə Ukraynaya dəstəyin artırılması və Rusiyaya qarşı əlavə təzyiq mexanizmləri müzakirə olunub. G7 ölkələri də Ukraynaya hərbi dəstəyin davam etdirilməsi və Rusiyaya qarşı siyasi-iqtisadi yeni sanksiyaların tətbiq edilməsinə razılaşdılar. Rusiya ilə ABŞ arasında Ukrayna müharibəsinin nizamlanmasına dair aparılan danışıqlar ciddi nəticə vermədi. Çünki , Böyük Britaniya və Avropa İttifaqı Ukraynaya tam dəstək verməklə, iki ölkənin sövdələşməsinin qarşısını aldılar. Bununla yanaşı, gələcəkdə Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında birbaşa danışıqların keçirilməsi mümkündür. Müharibənin taleyini isə ilk növbədə cəbhədəki vəziyyət və tərəflərin siyasi iradəsi müəyyən edəcək”.