Rusiya və Türkiyə XİN başçıları Qara dəniz və İran məsələsini müzakirə edəcəklər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 15-17-də Moskvada səfərdə olacaq Türkiyənin xarici işlər naziri Hakan Fidanla regional və beynəlxalq gündəmdəki əsas məsələləri müzakirə edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, tərəflər ABŞ və İsrailin İrana qarşı hərəkətləri fonunda Yaxın Şərqdə yaranmış gərgin vəziyyəti, həmçinin Fələstin məsələsinin nizamlanması perspektivlərini müzakirə edəcəklər.

Görüş zamanı Qara dəniz regionunda mövcud vəziyyət ətrafında da fikir mübadiləsi aparılacaq. Nazirlərin təhlükəsiz gəmiçiliyin təmin edilməsi ilə bağlı məsələləri də gündəmə gətirəcəyi bildirilib.

Rusiya XİN-in məlumatında qeyd olunub ki, Lavrov və Fidan Suriyadakı vəziyyəti də müzakirə edəcəklər. Tərəflər yeni Suriya hakimiyyətinə ölkədə inklüziv siyasi dialoqun qurulması, eləcə də sosial-iqtisadi həyatın dinc məcrada bərpası istiqamətində göstərilən dəstək məsələlərinə toxunacaqlar.

Bildirilib ki, Rusiya və Türkiyə Suriyada vəziyyətin normallaşdırılması prosesinə mühüm töhfə verir və bu istiqamətdə əməkdaşlığı davam etdirmək niyyətindədir.