"Soydaşlarımız döyüş zonasına göndərilir, ölümlər gizlədilir"
“Kompensasiya ödəməmək üçün ‘itkin düşmüş’ statusu verilir”
Rusiya-Ukrayna müharibəsi uzandıqca cəbhədə baş verənlərin görünməyən tərəfləri qaranlıq və mürəkkəb xarakter alır. Döyüş əməliyyatlarında iştirak edənlərin, hüquqi statusu, onların cəlbetmə mexanizmləri və itkilərin faktiki miqyası ilə bağlı qeyri-müəyyənlik getdikcə dərinləşir.
Son aylarda yayılan məlumatlara görə, Moskva digər ölkələrin vətəndaşlarını muzdlu döyüşçü qismində cəbhəyə göndərir. Xüsusilə Rusiyada yaşayan miqrantların, o cümlədən azərbaycanlıların maddi vədlər, güzəştlər və təzyiq mexanizmləri vasitəsilə müharibəyə cəlb edildiyinə dair iddialar narahatlıq doğurur.
Mövzu ilə əlaqədar politoloq Fuad Abbasov Sherg.az-a açıqlamasında bildirib ki, Rusiya azərbaycanlılarının Beynəlxalq İnformasiya Xidməti olan “Misra TV”yə dəfələrlə Rusiyada yaşayan soydaşlarımızdan müraciətlər daxil olub:
“Müraciətlərin əsas səbəbi ondan ibarətdir ki, soydaşlarımızın razılığı olmadan, istər küçələrdə, istərsə də hava limanlarında müxtəlif qanun pozuntuları bəhanə gətirilərək saxlanılıb, məsuliyyətə cəlb olunublar. Daha sonra bu məsuliyyətdən azad olunmaları qarşılığında, onlara “cəbhəyə göndərilmək” təklif edilir. Hətta döyüş bölgəsinə göndərilən şəxslərin yaralanması və ya həlak olması hallarında, cəsədlər yandırılaraq, ölüm faktı gizlədilir. Kompensasiya ödənişlərindən yayınmaq məqsədilə isə onlara “itkin düşmüş” statusu da verilir”.
Politoloq, müharibəyə, cinayətkar qrupların da cəlb edildiyini vurğulayıb:
“Məhbusların və xarici ölkə vətəndaşlarının müharibəyə cəlb olunması faktı isə vaxtilə Rusiyada “Wagner” Özəl Hərbi Şirkətinin rəhbəri olmuş Yevgeni Prigojinin sosial şəbəkələrdə yayımlanan videogörüntülərində açıq şəkildə əksini tapıb. Priqojin özü də etiraf etmişdi ki, “Wagner” döyüşçü dəstəsi, əsasən həbsxanalardan seçilmiş ağır cinayətkarlar və qatillər hesabına formalaşıb. Hətta müharibənin ilk mərhələsində Rusiya ordusunun əldə etdiyi taktiki üstünlüklər məhz cinayətkar qrupların fəaliyyəti sayəsində reallaşıb”.
F.Abbasovun qənaətinə görə, rəsmi Moskva rus əsilli vətəndaşlarını, müharibədən qorumaq məqsədilə miqrantları, xarici ölkə vətəndaşlarını və həbsxanalarda saxlanılan şəxsləri qurban verir:
“Rusiya müharibədə öz vətəndaşlarını riskə atmadan, ölkədə yaşayan digər etnik qruplar və sosial baxımdan həssas təbəqələr hesabına hərbi məqsədlərinə çatmağa çalışır. Belə halların qarşısını almaq üçün, vətəndaşlarımız, Azərbaycan qanunvericiliyinə uyğun olaraq, Rusiya ordusunda muzdlu döyüşçü kimi iştirak etməyin cinayət məsuliyyəti doğurduğunu bilməlidirlər. Məsələ ilə əlaqədar ölkəmizdə bir neçə şəxs artıq cinayət məsuliyyətinə cəlb olunub”.
Aybəniz Səfərova