Rusiyadan sərt ittihamlar: Ermənistan düşmənlərimizin tərəfinə keçir

“Ermənistan hakimiyyəti “şaxələndirmə” ifadəsinin arxasında Avrasiya İqtisadi Birliyi (AİB) və Rusiyadan uzaqlaşaraq, Moskvaya açıq şəkildə düşmən mövqe tutan Avropa İttifaqına (Aİ) inteqrasiya siyasətini gizlədir”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Fadeyev deyib.

“Anlayışları qarışdırmaq lazım deyil. Əgər gözəl səslənən “şaxələndirmə” sözünün arxasında Avrasiya inteqrasiyasından və ənənəvi müttəfiqdən üz döndərərək, Rusiyaya açıq şəkildə düşmən münasibət bəsləyən, hətta Rusiya ilə birbaşa toqquşma ehtimalını ciddi şəkildə müzakirə edən Avropa İttifaqına inteqrasiya dayanırsa, burada nəticə tamamilə aydındır”, - o, Ermənistan rəhbərliyinin son bəyanatlarını şərh edərkən bildirib.

Fadeyev bunu təkcə AİB üzrə tərəfdaşların deyil, həm də Ermənistan əhalisinin “açıq şəkildə aldadılması” adlandırıb. Rusiyalı diplomatın sözlərinə görə, Avropaya belə bir sıçrayışın sosial-iqtisadi nəticələri Ermənistan vətəndaşlarından gizlədilir, ixracla bağlı mövcud çətinliklər isə Moskvanın tətbiq etdiyi məhdudiyyətlər kimi təqdim olunur:

“Bunlar bizim məhdudiyyətlərimiz deyil. Bu, ənənəvi əlaqələrin qırılması halında respublikanı gözləyən reallıqdır”.

Fadeyev iddia edib ki, İrəvanın Qərb ölkələri ilə qarşılıqlı fəaliyyətə dair imzaladığı bəyannamələr, Rusiya ilə Ermənistan arasında mövcud olan çoxsaylı müqavilə və sazişlərdən fərqli olaraq, hüquqi baxımdan məcburi qüvvəyə malik deyil.

Onun sözlərinə görə, hələ 2024-cü ildə NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen “Ermənistanın Dostları” şəbəkəsinin hesabatında açıq şəkildə yazmışdı ki, Ermənistan Qərb üçün az xərc tələb edən layihədir.

Fadeyev hesab edir ki, nə London, nə Brüssel, nə də Paris Ermənistan iqtisadiyyatına ciddi həcmdə investisiya yatıracaq.