Rusiyanın hərbi iqtisadiyyatı çökür, müharibə gözləniləndən tez dayandırıla bilər

Rusiyanın hərbi iqtisadiyyatı iflic vəziyyətinə düşüb. Səhiyyə, aviasiya ehtiyat hissələrinin istehsalı və enerji obyektlərinin xidməti kimi vacib sahələrdə xərclərin ixtisarı artıq mənfi nəticələr verir.

Teleqraf xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Britaniya nəşrinin yazdığına görə, Rusiyada ÜDM-ün artım tempi 2024-cü ildə 4,9%-dən 2025-ci ildə 1%-ə düşüb, bu tendensiya 2026-cı ilin sonuna qədər davam edəcək. Vəziyyəti daha da ağırlaşdıran isə inflyasiya səviyyəsinin (6,4%) stabil yüksək olması, faiz dərəcələrinin isə 15% səviyyəsində qalmasıdır.

Nəşr bildirir ki, bu iqtisadi fırtına Rusiya üçün uyğun olmayan anda baş verir, Ukraynada tutarlı qələbə yoxdur, üstəgəl, hər gün itkilər artır:

“Rusiya vətəndaşları da artıq müharibənin iqtisadi nəticələrindən tam qorunmur. Müharibəni maliyyələşdirmək, yeni çağırış dalğaları və hərbi təbliğata xərcləri artırmaq məqsədilə səhiyyə, aviasiya hissələrinin istehsalı və enerji obyektləri üçün xərclər və əsgərlərə yardım azaldılıb. Bu ixtisarlar iqtisadiyyata dağıdıcı təsir göstərir, əhali yaşlanır, müharibə zədəni böyüdür, səhiyyə büdcəsinin azaldılması vəziyyəti daha da pisləşdirir.

Problemlər dərinləşir, Kreml isə artıq Rusiya iqtisadiyyatının gələcəyi ilə bağlı narahatedici müzakirələri boğmaq imkanına malik deyil. İqtisadi çətinliklər barədə narahatlıq açıq etirazlara səbəb olmasa da, narazılıq digər yollarla özünü göstərəcək. 2022-də Ukraynaya hücumdan sonra 500 min - 1 milyon arasında Rusiya vətəndaşı ölkəni tərk edib ki, bu, 1917-ci il Bolşevik İnqilabından bəri ən böyük miqrasiya dalğasıdır.

Kreml əvvəllər müharibə maşınını həyati əhəmiyyətli resurslarla təmin etmək üçün Qərbin sakitləşəcəyinə güvənsə də, Rusiyanın neft gəlirlərini azaltmağa yönəlmiş silsilə addımlar bu strategiyanı pozur. Bu şəraitdə müharibənin davam etdirilməsi Rusiya xalqının yaşayış səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə gətirib çıxaracaq.

Rusiya döyüş meydanında cüzi üstünlüyünü saxlayır, amma bu üstünlük zəif iqtisadiyyatla kompensasiya olunur. Əlavə sanksiyalar və Ukraynaya hərbi dəstək Moskvanı gözləniləndən daha tez razılaşmaya getməyə məcbur edə bilər”.