Rusiyanın Kiyev vilayətinə zərbələri nəticəsində 14 nəfər ölüb, 27 nəfər yaralanıb - YENİLƏNİB

Rusiya ordusunun avqustun 5-nə keçən gecə Ukraynanın Kiyev vilayətinə zərbələri nəticəsində 14 nəfər ölüb, 27 nəfər yaralanıb.

UNİAN xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Hücumlar loqistika, ticarət, istehsalat və digər obyektlərə edilib.

Bundan başqa, yaşayış binaları, mülki infrastruktur da zərbələrin hədəfi olub.

***

07.58

Rusiyanın avqustun 5-nə keçən gecə Kiyevə pilotsuz uçuş aparatları və ballistik raketlərlə həyata keçirdiyi kütləvi hücum nəticəsində azı bir nəfər həlak olub, 24 nəfər yaralanıb.

APA xəbər verir ki, Ukrayna Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Obolon rayonunda qeyri-yaşayış binasında yanğın baş verib, bir nəfər ölüb, üç nəfər xəsarət alıb. Svyatoşin rayonunda isə mağazalardan birinin anbarında yanğın qeydə alınıb.

Qolosiyev rayonunda iki qeyri-yaşayış binasında baş verən yanğın söndürülüb. Burada dörd nəfər xəsarət alıb, onlardan ikisi xəstəxanaya yerləşdirilib.

Həmçinin sənaye müəssisələrindən birində kiçik həcmdə ammonyak sızması baş verib, xilasedicilər sızmanı aradan qaldırıblar və əhali üçün təhlükə olmadığı bildirilib.

Desnyan rayonunda isə iki qeyri-yaşayış binasında yanğın baş verib, hadisə yerlərində xilasedicilərin işi davam edir.

***

03:24

Rusiya ordusu avqustun 5-nə keçən gecə Kiyev vilayətinin müxtəlif bölgələrinə ballistik raketlərlə hücum edib.

APA xəbər verir ki, hücum nəticəsində paytaxtın bir neçə rayonunda yaşayış və anbar binalarında yanğınlar baş verib.

İlkin məlumata görə, azı 3 nəfər xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.

Kiyev vilayətinin Buça, Brovarı və Fastov rayonlarında da anbar və istehsalat obyektlərinə ziyan dəyib, mülki şəxslərin yaralandığı bildirilir.

Xilasetmə işləri davam edir.