Rusiyanın Polşa hava sərhədini pozması NATO-ya hücumdur - ŞƏRH

Politoloq Avropanın təhlükəsizliyinin təhdid altında olduğunu bildirdi
“Putin Ukrayna ilə kifayətlənməyəcək, Avropa ölkələri də hədəfdədir” 
Rusiya Polşaya 10-dan çox “Şahid” tipli kamikadze dronla hücum edib. Polşa Silahlı Qüvvələri ölkə hava məkanında aşkarlanan Rusiyaya məxsus “Şahid” dronlarını müəyyən edib və zərərsizləşdirib. İlk dəfədir ki, NATO təyyarələri potensial təhlükənin qarşısını almaq üçün istifadə edilib. Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumu zamanı Polşanın hava məkanı dronlar tərəfindən dəfələrlə pozulub. Avropa Birliyi diplomatiyasının rəhbəri Kaya Kallas özünün X səhifəsində yazıb ki, Polşada Rusiyanın hava məkanını pozması müharibə başlayandan bəri Avropada baş verən ən ciddi hadisədir:
"Əlamətlər onu göstərir ki, bu hücum qəsdən edilib, təsadüfi deyil. Rusiyanın müharibəsi bitmir, əksinə, böyüyür. Biz Moskvanın xərclərini qaldırmalı, Ukraynaya dəstəyi gücləndirməli və Avropanın müdafiəsinə sərmayə qoymalıyıq". ABŞ konqresmeni Co Vilson Rusiyanı Polşaya müharibə elan etməkdə ittiham edib və Rusiyaya zərbələr endirmək üçün Ukraynanı silahla təmin etməyə çağırıb: "İranın “Şahid” PUA-larının NATO üzvü olan Polşaya hücumu müharibə aktından başqa bir şey deyil". O, Tramp administrasiyasını dərhal bu cür hərəkətlərə qarşı durmağa çağırıb: "Rusiya hərbi maşınını məhv etməyə qadir olan sərt sanksiyaları təcili olaraq tətbiq etmək və Ukraynanı Rusiya ərazisinə zərbə endirməyə imkan verəcək silahlarla təmin etmək lazımdır. Kreml artıq təkcə Ukraynadakı müharibə ilə kifayətlənmir – indi Moskva “Rusiyanın sərhədləri olmadığını” bəyan etməklə NATO-nun qətiyyətini sınayır". NATO Polşada pilotsuz uçuş aparatları ilə bağlı hadisəyə görə Şimali Atlantika müqaviləsinin 4-cü maddəsini tətbiq edib. Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsi tərəflərdən birinin ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyi təhdid edildikdə, tərəflərin bir-biri ilə məsləhətləşmələrini nəzərdə tutur. 4-cü maddə NATO ölkəsinə məsləhətləşmələr tələb etməyə icazə verir, 5-ci maddə isə bir NATO üzvünə hücumu bütün Alyansa hücum hesab edir. NATO Baş katibi Moskvanı sərt tənqid edib. O, Vladimir Putinə xəbərdarlıq edib. Baş katibin sözlərinə görə, hərbi alyans hücumun qəsdən olub-olmadığını müəyyən etmək üçün araşdırma aparır. Rutte qeyd edib ki, Hava Hücumundan Müdafiə sistemləri daim hazır vəziyyətdədir: "Mesajım aydındır: Ukraynadakı müharibəni dayandırın. Müttəfiqlərin hava məkanını pozmağı dayandırın və bilin ki, biz hazırıq, ayıq-sayığıq və NATO ərazisinin hər qarışını qoruyacağıq".
Rus PUA-larının NATO üzvü Polşanın hava sahəsini pozması ilə bağlı ABŞ Prezidenti Donald Tramp da sosial media hesabında diqqətçəkən açıqlama verib.
Tramp açıqlamasında bildirib: “Rusiya niyə Polşa hava sahəsini insansız hava vasitələri ilə pozur? Başlayırıq.”
Polşa bundan əvvəl Rusiyanın Ukraynada hədəflərə etdiyi hücumlar zamanı hava sahəsini bir neçə dəfə pozan bəzi PUA-ları vurduğunu açıqlamışdı.
Polşa Baş naziri Donald Tusk isə fövqəladə kabinet iclasında Rusiya tərəfindən Ukraynadakı hədəflərə edilən hücumlar zamanı bəzi PUA-ların Polşa hava sahəsini dəfələrlə pozduğunu söyləmişdi.
Politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a deyib ki, Rusiyanın Polşa hava sərhədini pozması, NATO-ya hücumdur. Ekspertə görə, Rusiyanın PUA-larla Polşanın hava məkanını pozaraq hücum xarakterli həmlələr etməsi Qərbin Ukraynaya logistika zəncirini vurmaqdan ibarətdir:
 "Qərbin Ukraynaya göndərdiyi silahlar Polşadan daxil olur. Ona görə də Polşanın hədəf seçilməsi, Qərbin nəbzinin yoxlanmasıdır. Əgər ABŞ başda olmaqla, NATO ölkələri bu hücuma görə Rusiyaya qarşı sərt addımlar atmasa, bəyanatlarla kifayətlənsə, Rusiya Polşa ərazisində Ukraynaya göndərilən silah mərkəzlərini və logistika yolunu növbəti hücumlarda vura bilər. Rusiya Polşanı hədəf seçməklə, NATO-nu parçalamağı, Şərqi Avropanı nəzarət altına almağı hədəfləyir. Göründüyü kimi, Rusiya hücum edir, Qərb isə müdafiədə dayanaraq Putini dialoqa çağırır. ABŞ prezidenti nə Polşanı, nə də Avropanı müdafiə etmək niyyətindədir. Həmçinin, NATO-nun 5-ci maddəsinin tətbiqində maraqlı deyil. Zelenskinin haqlı olduğu və təhlükəsizlik zəmanətinin nə qədər strateji cəhətdən lazım olduğu görünür. Putinin təkcə Ukrayna ilə kifayətlənməyəcəyi, digər Avropa ölkələrini hədəf alacağı ortadadır. Demək olar ki, Avropanın təhlükəsizliyi təhdid olunur".