- Natiq Miri: “Gürcüstan bir çox dövlətlərə nümunə ola bilərdi”
Vahid Milli Hərəkat Partiyasının keçmiş sədri və Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili 2008-ci il Rusiya-Gürcüstan müharibəsi və sonrakı siyasi proseslərlə bağlı diqqətçəkən açıqlamalar verib. O, həmin dövrdə Kremlin təzyiqlərinə və müxtəlif xarici təsirlərə boyun əymədiyini, ölkəni tərk etməkdən imtina etdiyini bildirərək, məhz buna görə bu gün də hədəf seçildiyini iddia edib.
Saakaşvili eyni zamanda şəxsi maraqlarını heç vaxt dövlətin və xalqın mənafeyindən üstün tutmadığını vurğulayıb, Gürcüstan ordusunun qəsdən zəiflədilməsinə yönəlmiş cəhdlərin olduğunu da diqqətə çatdırıb.
Məsələ ilə bağlı politoloq Natiq Miri Sherg.az-a açıqlamasında bildirib ki, gürcü toplumu ictimai-siyasi proseslərə laqeyddir.
“M. Saakaşvilinin təbliğatı həbs olunandan bəri mütəmadi xarakter daşıyır. Bu da, əsasən, Gürcüstan cəmiyyətinin laqeydliyinə son qoymaq və aktivləşdirmək istəyidir. Çünki, hələ də Gürcüstan cəmiyyətində Saakaşvilinin məhz 2008-ci ilin avqustunda etdiyi səhv nəticəsində, Gürcüstan dövlətinin ərazi bütövlüyünün pozulduğuna inananların çoxluq təşkil etməsidir. Lakin, məsələyə müstəqillik, suverenlik və gələcək inkişaf kontekstində yanaşanda anlamaq olur. Saakaşvili dövründə Gürcüstan dövlətində siyasi-iqtisadi və korrupsiya ilə mübarizə xarakterli güclü islahatlar olub. Həmin islahatlar bir çox dövlətlərə nümunə ola bilərdi. Buna Azərbaycan cəmiyyəti Gürcüstanla təmasda olduğu dövrlərdə də şahidlik edib. Bu, danılmaz faktdır. 8 avqust-Rusiyanın hərbi müdaxiləsi nəticəsində itirilmiş torpaqlar, digər tərəfdən isə Saakaşvilin Gürcüstanla bağlı etdikləri. Tərəziyə qoyulsa, Saakaşvilinin gördüyü işlər daha ağır basacaq. Ancaq, təəssüf ki, hələ də Saakaşviliyə münasibət birmənalı deyil. Bunu son seçkilər də göstərdi. Baxmayaraq ki, ard-arda keçirilən parlament seçkilərinin hər biri İvanaşvili hakimiyyətinin xeyrinə saxtalaşdırılıb. Yəni, hakimiyyət siyasi cəhətdən qəsb edilib. Kriminallıq Saakaşvilidən sonra nəyinki yox olub, hətta hazırda daha da inkişaf edib.
Politoloq hesab edir ki, M. Saakaşvilidən sonra demokratiya və insan hüquqları açıq şəkildə pozulmağa davam edib:
“Bu geriləmə Gürcüstanı, sivil dünyanın müəyyən təzyiqləri ilə qarşılaşdırıb. İvanaşvilinin “kriminal maliyyələrinə” səs verən gürcü toplumu, məsələyə bir də bu prizmadan yanaşmalıdır. Saakaşviliyə alternativ olaraq kimi seçdilər və əvəzində nə qazandılar. Problemin əsas kökü ondadır ki, hələ də gürcü toplumu aktiv deyil, ictimai-siyasi proseslərə laqeyddirlər. Gürcüstanın perspektivi də müəyyən olunmayıb. Bir tərəfdən tam olaraq Rusiya ilə yaxınlaşa bilmir. Digər tərəfdən Qərb Gürcüstanı Avropaya inteqrasiya prosesindən təcrid edib. Buna görə də, burda imtahan verəcək tərəf gürcü toplumudur. Üstəlik, Saakaşvilinin rəhbərlik etdiyi siyasi partiyanın özü də zəifləməyə doğru gedir. Çünki, daxili intriqalar və liderin yoxluğu siyasi səhnədə çox ciddi problemlər yaradır. Toplumda Saakaşvilinin partiyasına inamsızlığı artırır. Nə zaman xalq ayılarsa, yalnız bundan sonra Saakaşvilinin ciddi təsirindən danışmaq mümkün olacaq.”
Paşa Nuru