Samir Nuriyev: "Prezident İlham Əliyev azərbaycançılıq ideologiyasını daha da zənginləşdirdi"

Samir Nuriyev: Prezident İlham Əliyev Ulu Öndərin yaratdığı möhkəm təmələ əsaslanaraq, dövlətimizi strateji hədəflərə doğru uğurla apardı 

"Politologiya elminə görə, liderin əsas vəzifəsi cəmiyyətdə fəallığa nail olmaq, onu konkret məqsəd uğrunda səfərbər etməkdir. Siyasətçi üçün məsuliyyət, uzaqgörənlik və özünü məsələnin mahiyyəti ətrafında səfərbər etmək bacarığı həlledici şərtlərdir. Prezident İlham Əliyevin dövlət başçısı postunda 20 illik fəaliyyətinin təhlili onu göstərir ki, o, həmişə cəmiyyətin, dövlətin maraqlarını əsas tutaraq, siyasi məharəti, yüksək mənəvi keyfiyyətləri, kommunikasiya bacarığı sayəsində sadə insanlardan tutmuş dünyanın nüfuzlu şəxsiyyətlərinə kimi hər kəsin rəğbətini və hörmətini qazanaraq, həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük nüfuz əldə edib". 

Sherg.az xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev dövlətimizin başçısı İlham Əliyevin birinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi münasibətilə oktyabrın 14-də Bakıda keçirilən “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda konfransda çıxışı zamanı deyib.

"Prezident İlham Əliyev müəllifi Ulu Öndər olan və cəmiyyətimizi birləşdirən milli-ideoloji amil kimi çıxış edən azərbaycançılıq ideologiyasını daha da zənginləşdirdi, Azərbaycan xalqının, dünya azərbaycanlılarının vahid ideya ətrafında daha sıx birliyini, milli həmrəyliyimizi təmin etdi. “Milli-mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir”, - deyən cənab İlham Əliyev Azərbaycan tarixinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanmasını, gənc nəslin vətənpərvərlik, dövlətə və xalqa sədaqət ruhunda böyüməsini ən vacib məsələlərdən biri hesab edir. Məhz onun ölkəyə rəhbərliyi dövründə formalaşmış gənc nəsil Vətən müharibəsinin bütün ağırlığını öz üzərinə götürdü və böyük bir missiyanı şərəflə yerinə yetirdi" - deyə Prezident Administrasiyasının rəhbəri qeyd edib.