- "Trampın sülhməramlı manevrləri isə qarşıdan gələn Konqres seçkilərinə qədər ABŞ üçün nisbi sakitlik təmin etmək məqsədi daşıyır”
ABŞ-İran münasibətlərindəki 47 illik böhran ötən gün Prezident Məsud Pezeşkian və Donald Trampın imzaladığı memorandumla yeni mərhələyə qədəm qoyub. Saziş Yaxın Şərqdə davam edən bütün münaqişələrin dayandırılması üzərində formalaşıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, prezidentlərin imzaladığı sənədin şərtlərinin pozulması baha başa gələcək.
Tərəflər iyunun 19-da, İsveçədə bir araya gələrək sazişə daxil olan məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar. Müharibənin üçüncü aktoru olan İsrail razılaşmadan kənarda qalıb. Tramp Baş nazir Benyamin Netanyahunun memorandumdan razı qaldığını desə də, İsrailin sənədi imzalamaması bir sıra dairələr tərəfindən risk olaraq qiymətləndirilib.
Mövzu ilə bağlı politoloq Əli Mustafa Sherg.az-a bildirib ki, hazırki şəraitdə, ABŞ və İranın razılaşma imzalaması çox doğru addım oldu:
“Amma memoranduma daxil olan şərtlərdə ziddiyyətli məqamlar var. İmzalanan sənədin dayanıqlılığı və təhülkəsizliyi İsrailin mövqeyindən asılı olacaq. Bəndlərdə Hizbullah, Husilər və HƏMAS-a İran tərəfindən verilən dəstəyin dayandırılması da yer alır. Hizbullahın təşkilat olaraq meydana gəlməsi, İsrailin Livana həyata keçirdiyi hərbi əməliyyatlara qarşı yerli müqavimət hərəkatının formalaşması ilə bağlıdır. Təşkilat Livanın siyasi sistemində də iştirak edir. Bir sözlə, dövlət içində dövlət rolunu oynayır. Hizbullah və İsrail arasındakı qarşıdurmanın nizamlanmasına dair şərtlər memoranduma daxil edilsə də, tərəflərin atəşkəs rejiminə tam əməl edəcəyinə arxayın olmaq çətindir”.
Politoloqun sözlərinə görə, memorandumda Hörmüzün taleyi ilə bağlı şərtlər də var:
“İran Hörmüz boğazına nəzarət mexanizmlərini dəyişəcək. Gələcək dönəmdə oradan keçən gəmilərdən rüsum ala bilər. Çox güman ki, bu məsələ də ABŞ İran arasında razılaşdırılıb. Trampın son bəyanatları, beşinci gündən etibarən tankerlərin sərbəst keçidinin bərpa olunacağını deməyə əsas verir. İlk 60 gün ərzində onlardan rüsum alınmayacaq. Hər iki tərəf sənədi imzalamaq üçün radikal mövqelərinin bəzilərindən imtina etmək məcburiyyətində qaldı. Yəni, sənəd qarşılıqlı güzəştlər əsasında imzalanıb”.
Ə.Mustafa qeyd edib ki, tərəflərdən daha çox vasitəçi ölkələr regionda gərginliyin sona çatmasını istəyirlər:
“Mövcud vəziyyətdə bu sazişin ideal olduğunu düşünürəm. Sənədin uzunömrülü olacağı və regional sülhü tam təmin edəcəyi ilə bağlı gözləntilər isə kövrəkdir. İkinci Dünya Müharibəsindən sonra formalaşmış qlobal təhlükəsizlik modeli tamamilə dağılmaqdadır. Yeni təhlükəsizlik arxitekturasının qurulması zərurəti isə regional münaqişələri və qlobal qarşıdurmaları qaçılmaz edir. Dünya sistemini qarşıda daha ağrılı geosiyasi proseslər gözləyir. İstənilən regionda münaqişələrin hər an alovlanma ehtimalı yüksəkdir. Trampın sülhməramlı manevrləri isə qarşıdan gələn Konqres seçkilərinə qədər ABŞ üçün nisbi sakitlik təmin etmək məqsədi daşıyır”.