Separatçılara sərt mesaj! - Qarabağın erməni sakinləri üçün fürsət 

Dövlət başçısının Qarabağda yaşayan ermənilərə çağırışı qapıların bağlı olmadığını göstərdi
  Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibəsində Qarabağ ermənilərinə də çağırış edib. Dövlət başçısı vurğulayıb ki, Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq normal həyat yaşayacaqlar: "Onlar manipulyasiyanın girovu olmağa son qoyacaqlar. Həmçinin onlar başa düşməlidirlər ki, bizi saymamağa davam etsələr, bizim mövcud olmadığımız kimi davranmağa davam etsələr və ya “prezidenti”, “nazirləri”, “parlamentariləri” olan qondarma ölkədə yaşayırlarmış kimi davransalar, bu gün olduqları vəziyyət onların xeyrinə dəyişməyəcək. Bütün bunlar yalandır. Biz onlara normal həyat təklif edirik. Düşünürəm ki, onlar mənə qulaq assalar, başa düşəcəklər və bilirlər ki, mən sözümə əməl edirəm”.
  Ölkə rəhbərinin ermənilərə çağırışını "Shürg.az"a dəyərləndirən siyasi şərhçi Azər Niftiyev Azərbaycan rəhbərliyinin Qarabağ ermənilərinə çağırışını çox müsbət qiymətləndirib. Analitik xatırladıb ki, 44 günlük müharibədən əvvəl dövlət başçısı İlham Əliyev Ermənistanın hərbi-siyasi rəhbərliyinə müraciət edirdi: 
"Ölkə rəhbəri qan tökülməməsi, müharibə olmaması üçün İrəvana təklif edirdi ki, işğal altındakı torpaqlarımızı qeyd-şərtsiz qaytarsınlar. Təəssüf ki, Ermənistan hökuməti bu çağırışlara məhəl qoymadı. Hətta Azərbaycana qarşı işğalçılıq siyasətini, yeni ərazi iddialarını davam etdirdilər. Ermənistanın hərbi-siyasi rəhbərliyi düşünürdü ki, 30 illik işğal dövründə onların çirkin əməllərinə göz yuman beynəlxalq birlik bu dəfə də dəstəkləyəcək. Lakin hər şey əksinə cərəyan etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Bununla da regionda yeni reallıqlar yarandı. Dünyada baş verən geosiyasi hadisələr sürətlə Azərbaycanın xeyrinə dəyişməkdədir. Sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması, sadəcə, Azərbaycan üçün deyil, bölgə dövlətləri, o cümlədən Ermənistan üçün strateji əhəmiyyət kəsb edir. İrəvan işğalçılıq siyasətinə görə regional iqtisadi layihələrdən kənarda qalıb. Ermənilərin kütləvi şəkildə ölkələrini tərk etməsinin, sosial-iqtisadi problemlər məngənəsində boğulmasının səbəbi də Ermənistanın yanlış siyasəti, təcavüzkar addımlarıdır. Əfsuslar olsun ki, ermənilər müharibədən sonra da öz təxribatlarını, pozucu addımlarını davam etdirir".
  A.Niftiyev vurğulayıb ki, buna rəğmən, Azərbaycan dövləti israrla sülh çağırışları edir, danışıq və müzakirələri sürdürür, regionda sabitlikdə maraqlı olduğumuzu göstəririk: "Ən mühüm məsələlərdən biri də Qarabağ ermənilərinin reinteqrasiyasıdır. Bakı bir neçə dəfə Qarabağda yaşayan ermənilərə dialoq təklifi edib, hətta Xocalıda bir görüş baş tutub. Əslində görünən odur ki, Qarabağ erməniləri Azərbaycana reinteqrasiya olunmaqda maraqlıdırlar. Ancaq separatçılar erməni əhalini girovluqda saxlayırlar, onları hədələyir, qorxudurlar. Dövlət başçısının Qarabağda yaşayan ermənilərə çağırışı qapıların bağlı olmadığını göstərməklə yanaşı, həm də separatçılara ciddi xəbərdarlıq və sərt mesajdır. Dəfələrlə vurğulanıb ki, Qarabağda yaşayan ermənilər Azərbaycan qanunları altında yaşamaqla digər vətəndaşlarımızın sahib olduqları hüquqlara malik olacaq və rahat həyat sürəcəklər. Ermənilər mütləq bunu dəyərləndirməli, verilmiş fürsəti əldən verməməlidirlər".