Serbiya Azərbaycan üçün strateji əhəmiyyət daşıyan açar ölkələrdən biridir - ŞƏRH

Ötən gün Belqradda Azərbaycan Prezidenti İlham Əliyevlə Serbiya lideri Aleksandr Vuçiçin iştirakı ilə Azərbaycan-Serbiya sənədlərinin mübadiləsi mərasimi keçirilib. Görüş çərçivəsində liderlər iqtisadiyyat, energetika, nəqliyyat və logistika, turizm, sahələrində əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Xüsusilə energetika sahəsi danışıqların əsas mövzularından biri olub. Serbiya lideri 2029-cu ilə qədər qazla işləyən elektrik enerjisi stansiyasının istifadəyə veriləcəyini bildirərək, bu istiqamətdə Prezident İlham Əliyevin şəxsi dəstəyini vurğulayıb. A.Vuçiç bu məsələyə diqqət çəkərək, Azərbaycanın son iki ildə 1 890 meqavatlıq enerji istehsalı yaratdığını bildirib. Serbiya lideri həmçinin Zirə və Naxçıvanda yetişdirilən yerli məhsulların keyfiyyətinə və münasib qiymətlərinə toxunaraq, Serbiya hökumət nümayəndələrini Azərbaycanın təcrübəsindən faydalanmağa çağırıb. Prezident İlham Əliyev isə öz növbəsində Serbiya ilə energetika sahəsində əməkdaşlığın çoxşaxəli xarakter daşıdığını vurğulayıb. Dövlət başçısı A. Vuçiçin fikirlərinə qatılaraq, 2029-cu ilə qədər qazla işləyən elektrik stansiyasının tikintisi istiqamətində birgə layihələrin reallaşdırılacağını bəyan edib. 

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Sherg.az-a bildirib ki, iki ölkə arasında gələcəyə istiqamətlənmiş strateji iqtisadi əlaqələr möhkəm təməl üzərində qurulub:

“Azərbaycanın Avropa enerji təhlükəsizliyində artan rolu, onun Balkan siyasətinə də birbaşa təsir göstərir. Azərbaycan təbii qaz və neftini Avropa bazarına çıxarmaqla təkcə ixracatçı kimi deyil, siyasi və iqtisadi baxımdan etibarlı strateji tərəfdaş kimi də mövqeyini gücləndirir. Ona görə də, Serbiya Balkan regionunda Azərbaycanın maraqları üçün strateji əhəmiyyət daşıyan açar ölkələrdən biridir. Azərbaycan-Serbiya əməkdaşlığının mühüm siyasi və simvolik platformalarından biri də Expo 2027 olacaq. 2027-ci ilin may-avqust aylarında Belqradda keçirilməsi nəzərdə tutulan sərgi, Serbiya üçün son onilliklərin ən böyük beynəlxalq tədbiri hesab olunur. Dünənki görüşdə Prezident İlham Əliyev, Azərbaycanın Expo 2027-də iştirakını təsdiqləyib. Expo platforması Azərbaycan üçün texnoloji imkanlarını beynəlxalq auditoriyaya təqdim etmək baxımından mühüm vitrin rolunu oynayacaq”.

Ə.Əlibəyli 2029-cu ilə qədər qazla işləyən elektrik stansiyasının tikintisi çərçivəsində Azərbaycan və Serbiyanın birgə əməkdaşlığına da toxunub:

“2029-cu il üçün planlaşdırılan stansiya layihəsinin, Expo mexanizmi üzərindən təşviq edilməsi Azərbaycanın qlobal iqtisadi sistemdə pay sahibi olma niyyətinin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Eyni zamanda iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulur. Serbiyanın inkişaf etmiş hərbi sənaye infrastrukturu, silah və hərbi texnika istehsalı sahəsində təcrübəsi, Azərbaycan üçün praktik əhəmiyyət daşıyır. İki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq, münasibətlərin strateji səviyyəyə keçdiyini göstərən əsas istiqamətlərdən biridir. Nəticə etibarilə, Azərbaycan-Serbiya münasibətlərinin dərinləşməsi ölkəmizin texnoloji, sənaye və siyasi tərəfdaş kimi mövqeyini daha da gücləndirdiyini ortaya qoyur”.

Aybəniz Səfərova