Sergey Lavrov: MDB ölkələrində rus dilinin öyrənilməsini təşviq edəcəyik

“Rusiya Xarici İşlər Nazirliyi MDB ölkələrində rus dilinin öyrənilməsini fəal şəkildə təşviq edəcək”.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrov qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyi MDB ölkələrindəki həmkarlarına təhsil sahəsində müxtəlif əməkdaşlıq formaları təklif etməyə hazırdır: “Xarici İşlər Nazirliyi bu işdə fəal iştirak etməyə davam edəcək, bu, çox perspektivlidir. Həm yeni beynəlxalq təşkilatlar daxilində, həm də digər formatlarda rus dilinin təşviqinin yaxşı perspektivləri var”.

Nazirin sözlərinə görə, MDB-də bəzi kiçik müsbət irəliləyişlər var, xüsusən də Qırğızıstan Prezidenti Sadır Japarovun təşəbbüsü ilə həyata keçirilən Rusiya-Qırğızıstan layihəsi diqqətəlayiqdir:

“Bu, həm orta məktəblər, həm də universitetlərdə təhsil proqramlarının uyğunlaşdırılmasını əhatə edir. Artıq Bişkekdə bu mövzuda bir tədbir keçirilib və yeni görüş hazırlanır”.