"Etimad mühiti təkcə dövlətlər arasında formalaşmamalıdır. Bu mühit xalqlar arasında da yaradılmalıdır. Bunun üçün ictimai-siyasi xadimlərin fəal iştirakı vacibdir"
Azərbaycan və Ermənistan liderləri arasında aparılan görüşlər ölkələrarası münasibətlərin normallaşdırılması və sülh prosesinin irəliləməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Fevralın 4-də Əbu-Dabidə keçirilmiş son görüşdə tərəflər Vaşinqton Sülh Sammitində əldə olunan nəticələri yüksək qiymətləndirərək, ikitərəfli əməkdaşlıq və regional layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.
Politoloq Zeynal Əmrəliyev Sherg.az-a açıqlamasında Azərbaycan və Ermənistan liderləri arasında aparılan danışıqlarda irəli sürülən fikirlərin mühüm əhəmiyyət daşıdığını deyib:
"Bu fikirlər, şübhəsiz ki, ölkələr arasında münasibətlərin daha da yaxınlaşmasına və sülh prosesinə ümumi töhfə verəcək.
Görüşü izlədikdə aydın olur ki, müzakirələr yüksək səviyyədə və konstruktiv atmosferdə keçib. Hər iki tərəf əldə olunan nəticələrdən razı qalıb.
Artıq uzun müddətdir ki, Ermənistan-Azərbaycan sərhədində ciddi insidentlər qeydə alınmır. Bu da iki ölkə arasında münasibətlərin tədricən sülhə doğru istiqamətləndiyini göstərir.
Hazırda ümumi sülh müqaviləsinin imzalanması ilə bağlı müəyyən məsələlər qalmaqdadır. Bu məsələlər üzrə prinsipial razılıq artıq əldə olunub.
Yalnız texniki detallar mövcuddur. Bu detalları da Ermənistanın müvafiq hüquqi və institusional dəyişikliklər yolu ilə həll etməsi nəzərdə tutulur.
Bəzi dəyişikliklərin referendum vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Böyük ehtimalla, bu proses Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra yekunlaşacaq".
Politoloq Vaşinqtonda keçirilən görüşün sülh prosesinə ciddi töhfə verdiyini deyib:
"Həmin görüş zamanı sülh müqaviləsi paraflanıb. Bu addım sənədin imzalanması prosesini daha da sürətləndirib. Ümumi sülhə doğru irəliləyiş üçün mühüm zəmin yaranıb.
Prosesi sürətləndirən digər mühüm amil etimad mühitinin möhkəmləndirilməsidir. Azərbaycan və Ermənistan arasında bu istiqamətdə konkret tədbirlər həyata keçirilir. İqtisadi layihələrin birgə icrası etimadın artmasına səbəb olur. Əməkdaşlığın mərhələli şəkildə genişləndirilməsi də bu prosesə müsbət təsir göstərir.
Eyni zamanda liderlər ictimaiyyət nümayəndələrinin qarşılıqlı səfərlərini müsbət qiymətləndiriblər. Bu səfərlərin keçirilməsi vacib addım hesab olunur.
Etimad mühiti təkcə dövlətlər arasında formalaşmamalıdır. Bu mühit xalqlar arasında da yaradılmalıdır. Bunun üçün ictimai-siyasi xadimlərin fəal iştirakı vacibdir. Ekspert icması, media nümayəndələri və siyasi partiya liderləri bu prosesdə mühüm rol oynayır".
Ekspert qeyd edib ki, bu cür səfərlər və görüşlər müxtəlif platformalarda davam etməlidir:
"Yalnız bu halda qarşılıqlı anlaşma möhkəmlənə bilər. Əbu-Dabidə keçirilən görüş sülhün möhkəmləndirilməsinə mühüm töhfə verəcək".