ŞƏT-də Bakı faktoru güclənir: Azərbaycan Avrasiyanın əsas bağlantı nöqtəsidir – ŞƏRH

  • "Əminliklə deyə bilərik ki, Avrasiya qitəsində baş verən müsbət dinamikanın əldə olunmasında rəsmi Bakının da xüsusi rolu var"

Azərbaycanın son illərdə regional və beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirdiyi siyasət ölkənin müxtəlif çoxtərəfli platformalarda fəal iştirakını şərtləndirir. Bu baxımdan, Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətində diqqət çəkən istiqamətlərdən biri kimi qiymətləndirilir.

Tərəflər arasında əlaqələr siyasi dialoqla yanaşı, iqtisadiyyat, nəqliyyat, logistika, təhlükəsizlik, humanitar və digər sahələri də əhatə edir. Azərbaycanın ŞƏT çərçivəsindəki mövqeyi və bu platformanın üzv dövlətləri ilə ikitərəfli və çoxtərəfli münasibətləri isə ölkənin regional əməkdaşlıq imkanları baxımından xüsusi əhəmiyyət daşıyır.

Millət vəkili Azər Allahverənov Sherg.az-a bildirib ki, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə yaratdığı əməkdaşlıq əlaqələri kifayət qədər genişdir:

"ŞƏT-ə üzv olan ölkələrin əksəriyyəti ilə rəsmi Bakı strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Bununla yanaşı, həm də Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan əksər ölkələri bir-birinə bağlayan çox vacib inteqrasiya layihələrinin fəal iştirakçısıdır. Burada iştirak dedikdə, həm də elə layihələr var ki, birbaşa Azərbaycanın təşəbbüsü ilə həyata keçirilir.

Misal üçün, zamanında Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Bakı-Tbilisi-Qars dəmir yolu bu gün Orta Dəhlizin əsas komponentidir. Bu, bir daha onu göstərir ki, Azərbaycanın irəli sürdüyü regional təşəbbüslər bu gün Şanxay Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq platformanın maraqlarına cavab verməklə yanaşı, həm də bu platformanın imkanlarını artıran çox vacib təşəbbüslərdir.

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş qismində çıxış edir. Bu, dövlətimiz üçün ŞƏT-in üzvü olan və onunla yaxın əməkdaşlıq edən ölkələrlə münasibətlərdə yeni imkanları formalaşdırmış olur. Nəticə etibarilə nəzərə alsaq ki, bu gün təhlükəsizlik, nəqliyyat, logistika, iqtisadi mövzular Şanxay Əməkdaşlıq Təşkilatının prioritet mövzuları sırasında daxildir. Bunların arasında həm də elmi və humanitar sahədə əməkdaşlıq da var".

Deputat qeyd edib ki, hər dörd istiqamət də Azərbaycanın maraqlarına cavab verir:

"Hər bir istiqamətə özünəməxsus əməkdaşlıq elementlərinin məhz Şanxay Əməkdaşlıq Təşkilatı üzərindən qurulduğunu görürük. Eyni zamanda burada onu da vurğulamaq lazımdır ki, Şanxay Əməkdaşlıq Təşkilatı dialoq platformasıdır. Burada siyasi, iqtisadi, humanitar və nəqliyyat mövzularında çoxsaylı birgə fəaliyyətlərin həyata keçirildiyini görürük.

Bu gün keçirilən Bişkek Sammitində 28 sənədin imzalandığı bildirilir. Bu göstərir ki, Azərbaycan məhz bu platforma üzərindən yaxından əməkdaşlıq etməklə yanaşı, həm də platformanın müəyyən etdiyi fəaliyyət spektrində geniş şəkildə təmsil olunur.

Ölkəmiz orta güc imkanlarına malikdir. Beynəlxalq münasibətlər sistemində kifayət qədər yüksək nüfuzu və imici var. Məhz etibarlı tərəfdaş qismində iştirak etdiyi üçün bir çox dövlətlər arasında böyük nüfuza sahib olduğunu biz burada əminliklə deyə bilirik.

Həmin dövlətlər arasında, xüsusilə də söhbət Şanxay Əməkdaşlıq Təşkilatından gedirsə, Çin və Mərkəzi Asiya respublikalarını qeyd etmək olar. Bu ölkələr Avrasiyanı bir-birinə bağlayan, onun müxtəlif qütblərini və regionlarını yaxınlaşdıran layihələrin həyata keçirildiyi geniş bir arealı əhatə edir. Bunu da nəzərə alsaq, bir daha aydın olur ki, Azərbaycan bu prosesdə kifayət qədər açar ölkə funksiyasını yerinə yetirir".

Parlamentari vurğulayıb ki, Şərqlə Qərbi və Şimalla Cənubu bir-birinə bağlayan həmin inteqrasiya layihələri məhz Cənubi Qafqaz bölgəsindən, xüsusilə də Azərbaycan üzərindən keçir: 

"Azərbaycanın ŞƏT üzvləri ilə, o cümlədən də ŞƏT-də dialoq üzrə tərəfdaş qismində iştirak edən dövlətlərlə çox sıx əlaqələr qurur. İkitərəfli, üçtərəfli və çoxtərəfli əlaqələr vasitəsilə Azərbaycan çox ciddi layihələrin həyata keçirilməsinə müvəffəq olur.

Azərbaycanın məhz bu proseslərdə iştirak etməsi və burada milli maraqlara söykənən xarici siyasət kursunu praqmatik prinsiplər əsasında həyata keçirməsi də diqqət mərkəzində saxlanılmalıdır. Əminliklə deyə bilərik ki, Avrasiya qitəsində baş verən müsbət dinamikanın əldə olunmasında rəsmi Bakının da xüsusi rolu var.

Bu da ölkəmizin ŞƏT kimi nüfuzlu təşkilatla əməkdaşlığı şərtləndirməklə yanaşı, həm də perspektivdə onun dərinləşməsi üçün geniş imkanların formalaşdırdığını göstərir".