Simonyan Lavrovla görüşdə etiraz etdi

Ermənistan parlamentinin sədri Alen Simonyan bir neçə gün əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirilən görüşün təfərrüatlarını açıqlayıb.

Teleqraf "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə spiker parlamentdə jurnalistlərə açıqlamasında bildirib.

A. Simonyan sözlərinə görə, 1 saat 40 dəqiqə davam edən görüşdə tərəflər qarşılıqlı narahatlıq doğuran məsələləri müzakirə ediblər:

"Mən bizim narahatlıqlarımızı, onlar isə öz iradlarını bildirdilər. Lakin suallarla yanaşı, Ermənistana investisiya qoyuluşu, infrastruktur layihələrinin bərpası və tikintisi, həmçinin Rusiyada Ermənistan mədəniyyəti günlərinin keçirilməsi kimi praktiki məsələlər ətrafında mühüm müzakirələrimiz oldu".

Spiker qeyd edib ki, Rusiya tərəfinə Ermənistandakı müxtəlif infrastrukturların yenidən qurulması və istismarında iştirakla bağlı təkliflər verilib və hazırda rəsmi Moskvadan cavab gözlənilir.

Görüş zamanı Rusiyadan səslənən bəzi iddialara da toxunulduğunu deyən A.Simonyan bildirib:

"Mən onlara Ermənistan ərazisində "xüsusi hərbi əməliyyat" keçirilməsi ilə bağlı səslənən fikirlərdən narahatlığımızı çatdırdım. Sergey Lavrov bildirdi ki, belə bir şey yoxdur və bu fikirlər sadəcə ayrı-ayrı şəxslərə məxsusdur".

Alen Simonyan əlavə edib ki, Rusiya nümayəndə heyəti Ermənistanın daxili və xarici siyasətinə müdaxilədə maraqlı olmadıqlarını vurğulayıb və hakim fraksiyaya növbəti seçkilərdə uğurlar arzulayıb.