Soyuq rüzgarlar əsir: Şahzadə kral atasını rədd etdi

  Böyük Britaniya kral ailəsində yenə soyuq rüzgarlar əsir. Əvvəlcə kraliça nənəsinin istəyi əleyhinə gedərək bir zamanlar aktrisalıq etmiş Meqan Marklla evlənən, sonra da ABŞ-də sərbəst, müstəqil həyatı krallıq yaşamına dəyişən şahzadə Harri atası Kral Çarlzla da küsülü davranır. “Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, bu haqda “Daily Mail” məlumat yayıb. Bildirilir ki, şahzadə kral atasının 75 illik yubiley törənlərində iştirakdan imtina edib. İngiltərə kralı ad gününü kral iqamətgahı olan "Clarence Hous"da keçirəcək. Lakin oğlu, şahzadə Harri və həyat yoldaşı Meqan Markl ad günü mərasimində iştirak etməyəcəklər. Halbuki atasının 70 yaşı tamam olduqda o zaman yenicə evlənmiş şahzadə Harri “bal ayı” səyahətlərini təxirə salaraq ad günü mərasiminə gəlmişdi. Kral ailəsiylə şahzadə Harri arasındakı soyuqluğun yeganə səbəbi Meqan Marklla evlənməsi deyil, həmçinin şahzadənin avtobioqrafik əsər olan “Yedək” (Spare) kitabına müəlliflik etməsi və kitabda kral ailəsinə və özünə aid bir sıra özəl məsələləri açıq işıqlandırmasıdır. Bu kitabı ərsəyə gətirməklə şahzadə Harri ailəsiylə münasibətlərinə ağır zərbə vurub. Buna baxmayaraq o, bir neçə dəfə vacib mərasimlərə dəvət edilib, o cümlədən kraliça nənəsinin vəfatının birinci ildönümü mərasiminə. Lakin şahzadə bu dəvəti də rədd edib. Son illərdə o, yalnız İngiltərə kraliçası Yelizavetanın dəfnində və atasının tacqoyma mərasimində iştirak edib. Amma bu mərasimlərdə çəkilən ailə fotolarında yer almayıb, atasıyla ünsiyyət saxlamayıb.