Ştaynmayer Berlində İlham Əliyevlə danışıqlar barədə məlumat verdi

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer bu gün Berlində azərbaycanlı həmkarı İlham Əliyevlə keçirilən danışıqlar barədə paylaşım edib.

Teleqraf xəbər verir ki, müvafiq paylaşım Almaniya prezidentinin "Facebook" sosial şəbəkəsindəki rəsmi səhifəsində yerləşdirilib.

O qeyd edib ki, görüşün əsas mövzuları ikitərəfli münasibətlər, Ermənistan ilə Azərbaycan arasında sülh prosesi, həmçinin cari regional və beynəlxalq məsələlər olub.

Almaniya Prezidenti Ermənistan və Azərbaycan arasında sülh və normallaşma prosesində əldə olunan irəliləyişləri alqışlayıb və hərtərəfli sülh sazişinə doğru əlavə addımların atılmasını təşviq edib.

Danışıqlar zamanı Almaniya ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlıq məsələləri də müzakirə olunub.

Frank-Valter Ştaynmayer Azərbaycanın Cənubi Qafqazda, xüsusilə də energetika və iqtisadiyyat sahələrində vacib tərəfdaş rolunu vurğulayıb.