Stepanyan: Başqa variant yoxdur, Azərbaycanla barışmalıyıq

“Azərbaycan və Ermənistan bir-birini dinləməli, müharibə səhifəsini birdəfəlik bağlamalı və barışmalıdır”.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq Davit Stepanyan Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistana səfəri barədə deyib.

“Sülh prosesi bu görüşlər olmadan təsəvvür edilə bilməz. Sülh ilk növbədə cəmiyyətlər tərəfindən tələb olunmalıdır. Düzdür, qarşılıqlı inamsızlıq var, illərdir bir-birimizi gözləyirik, addım-addım düşmənçilik aradan qaldırılmalıdır. Heç kim müharibə istəmir”, - o bildirib.

Stepanyanın sözlərinə görə, müharibə olmasa və sülh müqaviləsi imzalansa, qalan bütün məsələlər zamanla həllini tapacaq:

“Hamı bir-biri ilə ünsiyyət qurmalı, ticarət inkişaf etməlidir. Başqa alternativimiz yoxdur, sülhə doğru irəliləməliyik, alternativ müharibədir. Biz artıq ölmək istəmirik”.