“Sülh artıq hipotez deyil, praktik reallıq kimi hiss olunur” - Kəmalə Məmmədova

“Keçmişi dəyişə bilmərik, amma gələcəyi dəyişmək mümkündür” 

13–14 fevral 2026-cı il tarixində Ermənistanda, Tsaxkadzor şəhərində “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti, ekspert icması və media nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilib.

Təşəbbüsün əsas üzvləri ilə yanaşı, görüşdə hər iki tərəfdən daha geniş iştirakçı dairəsi təmsil olunub, inklüziv və davamlı dialoq platformasına sadiqlik bir daha təsdiqlənib.

Azərbaycan nümayəndə heyəti bütün zəruri prosedurları tamamlayaraq Azərbaycanın Aşağı Əskipara kəndi və Ermənistanın Voskepar kəndi yaxınlığında delimitasiya və demarkasiya edilmiş quru sərhəd hissəsindən keçməklə ölkəyə daxil olub. Bu keçid iştirakçılar tərəfindən etimadın möhkəmləndirilməsi istiqamətində mühüm praktik addım və iki ölkə arasında normallaşma prosesinin mərhələli şəkildə irəliləməsinin aydın göstəricisi kimi qiymətləndirilib. 

Azərbaycan nümayəndə heyətinin tərkibində Ermənistana səfər edən 1News.az saytının baş redaktoru Kəmalə Məmmədova “Sherg.az”a bildirib ki, Ermənistanın Tsaxkadzor şəhərində keçirilən “Sülh körpüsü” təşəbbüsü formal olaraq Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti, media nümayəndələrinin və ekspertlərin görüşü idi:

“Amma mahiyyət etibarilə hadisə daha simvolik oldu. Çünki ora ilk dəfəki kimi təyyarə ilə yox, quru sərhədini keçərək getdik. Aşağı Əskipara və Voskepar kəndləri arasındakı delimitasiya və demarkasiya olunmuş hissədən - pasport nəzarəti və bütün zəruri prosedurlarla keçdik.

Görüşdə regional təhlükəsizlik arxitekturası, iqtisadi imkanlar, ictimai gözləntilər və narahatlıqlar, kommunikasiya strategiyaları, əməkdaşlıq perspektivləri və vətəndaş təşəbbüslərinin rəsmi danışıqlara dəstəkdə rolu kimi bir çox mövzular müzakirə olundu.

 Həmçinin Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və xarici işlər nazirinin müavini Vaan Kostanyanla görüşdük, onlar Azərbaycan nümayəndə heyətini maraqlandıran sualları cavablandırdılar.

İş həqiqətən intensiv idi: müzakirələr səfər müddətində, transferlər və qısa fasilələr istisna olmaqla, demək olar fasiləsiz davam etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycanla Ermənistan arasında sülh de-fakto artıq mövcuddur, qalan hissə isə hüquqi rəsmiləşdirmədir. Bu səfərdən sonra bu fikir siyasi mövqe yox, praktik reallıq kimi daha çox hiss olunur”.

K. Məmmədova qeyd edib ki, sərhəd ilk növbədə psixoloji konstruksiyadır, bağlı olanda münaqişə əbədi görünür:

“Simvolik da olsa açıldıqda isə keçmiş gələcək üzərindəki monopoliyasını itirir.

Əvvəllər bağlı olan sərhədi keçəndə müharibəni başqa cür qəbul etməyə başlayırsan - bitə biləcək keçmiş kimi. Keçmişi dəyişə bilmərik və onu heç vaxt unutmamalıyıq. Bununla belə, gələcəyi dəyişmək mümkündür. Dayanıqlı sülh və övladlarımızın gələcəyi naminə bəzən bir nöqtədə dayanmağı bacarmaq vacibdir.

Şübhəsiz ki, bu cür addımlar öz-özünə baş vermir. Təşəbbüs hər iki ölkə rəhbərliyinin dəstəyi ilə həyata keçirilir və işimiz dövlət liderləri səviyyəsində formalaşmış sülh gündəliyinə uyğun şəkildə ardıcıl qurulur.

Bu səfərdən sonra sülhdən hipotez kimi danışmaq çətindir. O artıq özünü göstərir - ehtiyatla, məhdud şəkildə: təmaslarda, dialoqlarda, insanların bir-birinə marağında.

Bəli, qarşıda hələ siyasi qərarlar və sənədlərin imzalanması qalır. Amma hər belə addımla daha aydın hiss olunur: münasibətlərimizin gələcəyinin real bir şansı yaranıb. Bundan sonra artıq coğrafiya yox, insanların seçimi həlledici olacaq”.