"Açığını desəm, ümumilikdə bütün komanda müzakirələrin nəticələrini və atmosferini müsbət qiymətləndirdi"
Regionda mürəkkəb geosiyasi proseslərin davam etdiyi dövrdə dialoq kanallarının açıq saxlanılması xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, aprelin 17-də Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə erməni həmkarı Alen Simonyan arasında baş tutan görüş diqqət mərkəzinə çevrilib. Hər iki tərəfin razı qaldığı dialoq Azərbaycan-Ermənistan münasibətlərinə töhfə kimi qiymətləndirilir, gələcək dialoq və sülh üçün mühüm zəmin yaradır.
Erməni jurnalist və ekspert Natali Aleksanyan Sherg.az-a baş tutan görüşü yüksək qiymətləndirdiyini söyləyib:
"Ermənistan Milli Məclisinin sədri Alen Simonyanın azərbaycanlı həmkarları ilə Antalya Diplomatiya Forumu çərçivəsində baş tutan görüşü çox əhəmiyyətli idi.
Belə təmaslar ilk növbədə dialoqu qoruyub saxlamaq imkanı yaradır. Bu da mövcud şəraitdə son dərəcə zəruridir. Hətta dərhal və nəzərəçarpan nəticələr olmasa belə, ünsiyyətin davam etməsi və tərəflərin bir-birini dinləməsi faktının özü böyük məna daşıyır.
Sülhə gedən yol heç vaxt sürətli və ya asan olmur. Lakin məhz belə görüşlər zamanla daha çox qarşılıqlı anlaşmanın yarana biləcəyi mühiti formalaşdırır".
Ekspert azərbaycanlı və erməni həmkarların baş tutan danışığından sonra Alen Simonyanla görüşündən və komandanın fikirlərindən də danışıb:
"Dünənki görüşdən sonra cənab Simonyan ilə şam yeməyimiz oldu. Açığını desəm, ümumilikdə bütün komanda müzakirələrin nəticələrini və atmosferini müsbət qiymətləndirdi. Bu da vacib siqnaldır.
Bu cür platformaları qiymətləndirmək və daha sabit, uzunmüddətli nəticələr ümidi ilə dialoqu davam etdirmək mütləqdir".