"The National": "Tramp marşrutu" Naxçıvan üçün yeni perspektivlər açır

Cənubi Qafqazda otuzillik münaqişəyə son qoyan sülh sazişi, faydalı qazıntılarla zəngin Naxçıvan üçün yeni perspektivlər açır. Bu region yaxın gələcəkdə ABŞ Prezidenti Donald Trampın şərəfinə adlandırılan irimiqyaslı infrastruktur layihəsinin - "Tramp marşrutu"nun (TRIPP) reallaşmasından fayda ala bilər.

"Report" xəbər verir ki, bu barədə "The National" nəşrinin materialında bildirilib.

Məqalə müəllifi Azərbaycana səfərindən bəhs edərək, əsas diqqəti TRIPP layihəsinin reallaşdırılmasına, onun Cənubi Qafqaz regionunun və xüsusilə də Naxçıvanın inkişafına təsirinə, həmçinin Bakı ilə İrəvan arasındakı sülh prosesində ABŞ-nin roluna yönəldir.

Qeyd olunub ki, Cənubi Qafqazı əhatə etməklə yanaşı, Ermənistan üzərindən Naxçıvana uzanan TRIPP marşrutu Türkiyə vasitəsilə Avropa ilə də birbaşa əlaqə yaradacaq.

"Bu (TRIPP - red.), Çini qərb bazarları ilə birləşdirən və "Orta Dəhliz" kimi tanınan qlobal ticarət marşrutunda daha bir qovşaq yaradacaq. O, sərt sanksiyalar altında olan həm Rusiyadan, həm də İrandan yan keçməyə və bu ölkələr vasitəsilə ticarətin təşkili ilə bağlı çətinliklərdən uzaqlaşmağa imkan verir", - materialda bildirilib.

Məqalədə həmçinin Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "The National" nəşrinə müsahibəsində Bakı ilə İrəvan arasında sülh prosesinin irəlilədilməsində və regionun nəqliyyat infrastrukturunun inkişafında ABŞ-nin və şəxsən Prezident Donald Trampın əsas rolu barədə dediyi sözlər yer alır.

"Birincisi, Prezident Tramp bu sənədi (TRIPP-in yaradılması haqqında - red.) öz şəxsi siyasi nüfuzu ilə dəstəklədi. Daha sonra o, ABŞ-nin bu sənəddə iştirakını təmin etdi. Bununla yanaşı, TRIPP dəhlizi məsələsi də qarşılıqlı faydalıdır və regionumuzda geosiyasi vəziyyəti dəyişir", - Hacıyev bildirib.

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin nümayəndəsi Fuad Şahbazov isə öz növbəsində qeyd edib ki, TRIPP Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə birləşməsini asanlaşdıracaq: "Əlbəttə, bu dəmiryolu marşrutu Naxçıvana giriş imkanını Azərbaycanın əsas hissəsindən otuzillik izolyasiyadan sonra asanlaşdırır. Dəmir yolu ilə əlaqə qurmaq imkanı yarandıqda bu, daha rahat görünür, buna görə də düşünürəm ki, bunun müsbət amil olduğunu deyə bilərəm"

Nəşr xüsusilə qeyd edib ki, "TRIPP həm Azərbaycanın, həm də Ermənistanın Qərbə doğru yönəlməsinin, Rusiya və İrandan uzaqlaşmasının bir hissəsidir".

"Neft və qazla zəngin Azərbaycan üçün qlobal ticarət yollarında əsas qovşaq kimi mövqelərin möhkəmləndirilməsi iqtisadiyyatın şaxələndirilməsinin bir hissəsidir", - məqalə müəllifi vurğulayıb.