Tramp: İran yenidən güclənməyə çalışır, onları vurmalı olacağıq

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu Mar-a-Laqoda bir araya gəliblər.

Sherg.az xəbər verir ki, görüşdən əvvəl jurnalistlərə açıqlama verən Tramp deyib:

“Qəzzada ikinci mərhələyə keçmək istəyirik, lakin bundan öncə HƏMAS silahsızlanmalıdır”.

“Türk əsgərlərinin Qəzzada yerləşdirilməsini gözləyirsinizmi?” sualına cavab olaraq Tramp bildirib:

“Prezident Ərdoğanla çox yaxşı münasibətlərim var və bu mövzunu müzakirə edəcəyik. Əgər uyğun olarsa, məncə bu, yaxşı bir addımdır. Netanyahuyla da danışacağıq. Bu məsələni müzakirə edəcəyik. Amma Türkiyə möhtəşəm bir ölkədir və Ərdoğan da mükəmməl bir liderdir”.

Tramp İranla bağlı açıqlamasında isə deyib:

“Əgər İran raket proqramını inkişaf etdirməyə davam edərsə, İrana qarşı sürətli bir hücumu dəstəkləyərəm. Əgər nüvə proqramlarını davam etdirsələr, hücum dərhal həyata keçirilməlidir”.

ABŞ Prezidenti əlavə edib:

“Eşitdiyimə görə, İran yenidən güclənməyə çalışır. Əgər belədirsə, onları vurmalı olacağıq”.

Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına hücum cəhdi ilə bağlı açıqlamasını şərh edən Tramp isə deyib:

“Putin mənə iqamətgahında hücuma məruz qaldığını söylədi. Buna görə çox qəzəbliyəm”.