Tramp İrana “bombaların anası” ilə zərbə endirməklə hədələdi, Zelenskiyə sərt mesaj verdi

ABŞ Prezidenti Donald Tramp İranın nüvə obyektlərinə zərbə endirmək üçün “bombaların anası” kimi tanınan GBU-43/B (MOAB) bombasından istifadə edilə biləcəyinə işarə edib. O, Rusiya-Ukrayna müharibəsinə toxunaraq, Moskva ilə razılaşmanın Volodimir Zelenski ilə əldə olunmayacağını bildirib.

Sherg.az xəbər verir ki, Tramp bu barədə “Newsmax” telekanalına müsahibəsində danışıb.

ABŞ lideri İranın “Pickaxe dağı” ərazisində inşa edildiyi bildirilən yeraltı obyektə zərbə endirməyi nəzərdən keçirdiklərini deyib.

“Hazırda Pickaxe dağına baxırıq. Ora getməyimiz lazım gələ bilər. Obyektə zərbə endirməyə çalışacağıq və onu sürətlə məhv edəcəyik”, - Tramp bildirib.

O, istifadə oluna biləcəyi iddia edilən GBU-43/B bombasının nüvə silahı olmadığını vurğulayıb. Tramp İranın nüvə silahına sahib olmasının qarşısını almaq istədiklərini də qeyd edib.

ABŞ Prezidenti İranla müharibənin yaxın vaxtlarda başa çatacağına əminliyini ifadə edib. Onun sözlərinə görə, Vaşinqton Tehranla danışıqlar aparır və münaqişənin sona çatması neft və benzin qiymətlərinin aşağı düşməsinə səbəb ola bilər.

Trampdan Zelenskiyə sərt tənqid

Rusiya-Ukrayna müharibəsinə münasibət bildirən Tramp Ukrayna Prezidenti Volodimir Zelenskiyə etimadının az olduğunu deyib.

“Rusiya ilə hansısa razılaşma əldə olunacaqsa, bu, Zelenski ilə olmayacaq. O, danışıqlar aparmaq üçün yaxşı tərəfdaş deyil. Razılaşmaq istədiyini deyir, amma əslində bunu istəmir. Mən Zelenskinin böyük pərəstişkarı deyiləm”, - ABŞ lideri bildirib.

Tramp Rusiya Prezidenti Vladimir Putinlə Zelenski arasında qarşılıqlı nifrətin razılaşma əldə edilməsini çətinləşdirdiyini iddia edib. O, müharibənin heç vaxt başlamamalı olduğunu və Ukraynanın böyük dağıntılara məruz qaldığını söyləyib.

“Bombaların anası” nədir?

GBU-43/B (MOAB) təxminən 9,8 ton ağırlığında olan və ABŞ arsenalındakı ən böyük qeyri-nüvə bombası kimi tanınan silahdır. Bu bomba ilk dəfə 2017-ci ilin aprelində, Trampın ilk prezidentlik dövründə Əfqanıstanda İŞİD terror təşkilatına məxsus tunel kompleksinə qarşı istifadə edilib.

ABŞ mediasının məlumatına görə, Vaşinqton administrasiyası İrana qarşı mümkün yeni hücumlar çərçivəsində bu bombadan istifadə variantını nəzərdən keçirib. Ağ Ev isə İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün variantların masada olduğunu bildirib.