ABŞ-İsrail-İran qarşıdurmasının 19-cu günündə gərginlik daha da artır. ABŞ-dən demokrat senator Kris Mörfi bildirib ki, Donald Tramp administrasiyası İranı və Hörmüz boğazı riskini ciddi şəkildə yanlış qiymətləndirib.
Sherg.az xəbər verir ki, Mörfinin sözlərinə görə, müharibə artıq nəzarətdən çıxıb, neft qiymətləri sürətlə yüksəlir və Yaxın Şərq genişmiqyaslı münaqişəyə sürüklənir. O qeyd edib ki, Tramp İranın cavab imkanlarını düzgün hesablamayıb və bölgə “alov içindədir”.
Senator vurğulayıb ki, İranın pilotsuz uçuş aparatları, sürətli qayıqlar və dəniz minaları vasitəsilə Hörmüz boğazında təhlükə yaratması bu strateji su yolunun qorunmasını xeyli çətinləşdirir. ABŞ donanmasının tankerləri müşayiət etməsi isə ciddi risklər doğura bilər.
Mörfi həmçinin bildirib ki, İran körfəz ölkələrinin enerji infrastrukturunu hədəfə ala bilir və ucuz dronlarla uzunmüddətli zərbələr endirmək potensialına malikdir. Onun fikrincə, Tramp administrasiyasının müharibəni bitirmək üçün konkret strategiyası yoxdur və bu vəziyyət regionda xaosu daha da dərinləşdirir.
Ekspertlərə görə, münaqişənin genişlənməsi fonunda ABŞ və İsrailin hava hücumundan müdafiə ehtiyatları da sürətlə azalır. Bu isə qarşıdakı mərhələdə hərbi balansın dəyişə biləcəyini göstərir.