Tramp: Tarixin ən böyük neft sazişini imzaladıq

ABŞ Prezidenti Donald Tramp Venesuela ilə “dünya tarixinin ən böyük neft sazişini” imzaladıqlarını açıqlayıb.

Tramp bildirib ki, ABŞ özəl sektorla tərəfdaşlıq çərçivəsində Venesuelanın 65 milyard barreldən çox neft ehtiyatının böyük hissəsi üzərində nəzarət əldə edib. Onun sözlərinə görə, saziş ABŞ-ın neft ehtiyatlarını iki dəfədən çox artıracaq və ölkənin neft təminatını əhəmiyyətli dərəcədə gücləndirəcək.

Sherg.az xəbər verir ki, Venesuelanın müvəqqəti prezidenti Delçi Rodriges də ABŞ ilə neft sazişi imzaladıqlarını təsdiqləyib. O, sazişin neft hasilatının əhəmiyyətli dərəcədə artırılmasına imkan verəcəyini bildirib.

Rodrigesin sözlərinə görə, razılaşma çərçivəsində 65 milyard barrel təsdiqlənmiş potensiala malik 17 strateji yatağın işlənməsi nəzərdə tutulur. Layihələrə 100 milyard dollardan çox investisiya yatırılması və dövlətə 209 milyard dollardan artıq vergi gəliri gətirməsi gözlənilir.

Venesuela rəsmisi sazişin ölkənin hidrokarbon sənayesinin bərpası və modernləşdirilməsinə, həmçinin iqtisadi artım və enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verəcəyini qeyd edib.