- "Doğum vətəndaşlığı hədəfdə, Tramp miqrasiya siyasətini daha da sərtləşdirəcək"
ABŞ-də miqrasiya siyasəti uzun illərdir ölkədaxili siyasi gündəmin ən mühüm və mübahisəli mövzularından biri olaraq qalır. Xüsusilə seçki dövrlərində bu məsələ ətrafında aparılan müzakirələr daha da intensivləşir və həm hakimiyyət, həm də müxalifət tərəfindən fərqli yanaşmalar irəli sürülür. Donald Tramp administrasiyasının miqrasiya ilə bağlı sərt mövqeyi, qanunsuz miqrasiyanın məhdudlaşdırılması istiqamətində atılan addımlar və doğum hüququ əsasında vətəndaşlıq məsələsi ətrafında gedən müzakirələr də bu kontekstdə diqqət mərkəzindədir.
Millət vəkili Azər Allahverənov Sherg.az-a açıqlamasında Donald Trampın miqrantlarla bağlı məsələlərə zaman-zaman çox sərt yanaşdığını vurğulayıb:

"Hətta bir sıra qanun layihələri ümumi müzakirəyə çıxarılır. İndi onların bir qismi dəstəklənsə də, digər bir qismi sırf miqrantların hüquqlarının təmin olunması kontekstində şərh olunarkən dəstəklənmir. Nəticə etibarilə Donald Trampın bu məsələ ilə bağlı ritorikası getdikcə güclənir. Bu, ümumiyyətlə, çox həssas bir mövzudur.
Donald Tramp üçün miqrasiya məsələləri, nəzərə alsaq ki, o, Respublikaçılar Partiyasını təmsil etməklə yanaşı, mühafizəkar siyasi qanadı da təmsil edir, xüsusi əhəmiyyət daşıyır. Məhz mühafizəkarların da miqrasiya məsələləri ilə bağlı mövzulara münasibəti birmənalı deyil. Böyük əksəriyyət miqrantlarla bağlı məsələlərə bir qədər də kəskin yanaşır. Bunun da müəyyən iqtisadi, siyasi, hətta sosial səbəbləri kifayət qədər çoxdur.
Məsələn, respublikaçılardan fərqli olaraq demokratlar miqrantlar üçün daha geniş imkanlar yaradırdı".
Parlamentarinin sözlərinə görə, Co Bayden çalışırdı ki, miqrantlara da prezidenti seçmək hüququ verilsin:
"Bunu respublikaçılar kəskin qarşıladılar. Nəticə etibarilə miqrantlara belə bir hüquq verilmədi.
Amma istənilən halda, bu gün Donald Trampın miqrasiya mövzusuna müraciət etməsi onun publik çıxışlarında kifayət qədər açıq-aşkar özünü göstərir. Bəzi hallarda miqrantlarla və ya miqrasiya ilə bağlı hansısa ritorikaya müraciət etməsi olduqca güclü siyasi effekt yarada bilir. Bunu da nəticə etibarilə onun elektoratı çox müsbət qarşılayır. Çünki elektorat, daha çox mühafizəkar kəsimi təmsil edir. Burada orta sinif, eləcə də fəhlə zümrəsi hər zaman iş yerlərinin itirilməsindən çox narahat olur. Bu səbəbdən də onlar daha çox miqrantları məhdudlaşdıra biləcək siyasi strategiyanın həyata keçirilməsini dəstəkləyirlər. Bu isə, müəyyən miqrant qruplarının çox kəskin etirazına səbəb olur".
Deputat qeyd edib ki, burada sosial tərəf də olduqca aktual olaraq qalır:
"Ölkə ərazisində olan milyonlarla qanunsuz miqrant, qanunsuz statusda yaşasalar da, iş yerlərinin tutulmasında çox fəal olurlar. Bu da nəticə etibarilə dövlət qarşısında yeni öhdəliklər müəyyənləşdirir. Büdcəyə təsirlər çox olur, xüsusilə də sosial dəstək və tibbi təminat baxımından. Bu səbəbdən də respublikaçılar çalışırlar ki, miqrantları həmin sosial paketlərdən uzaq tuta biləcək yanaşma sərgiləsinlər.
Doğum faktına görə vətəndaşlığın verilməsi məsələsi də həmin mövzulardan biridir. Çünki həqiqətən də biz son zamanlar belə məlumatlara rast gəlirik ki, ABŞ cəmiyyətinin özündə bu kimi hallar çox vaxt sui-istifadə kimi dəyərləndirilir. İnsanlar uşağın ABŞ-də doğulması üzərindən tez bir zamanda vətəndaşlığın əldə olunmasını təmin etməyə çalışırlar. Bu da ölkənin sosial xidmətlərinə çıxışı sürətləndirə biləcək məsələ kimi qiymətləndirilir. Nəticə etibarilə isə dövlət büdcəsinə əlavə yük yaranmış olur".
Millət vəkilinin fikrincə məhz həmin elementi dövriyyədən çıxarmaqla Donald Tramp çalışır ki, müəyyən miqrant kəsimini bu prosesdən bir qədər də uzaq tutsun. İnsanlar belə qəbul etsinlər ki, ABŞ-də uşağın dünyaya gətirilməsi onlara hər hansı əlavə üstünlük vermir:
"Belə olduğu təqdirdə, bu kateqoriyaya aid şəxslərin sayının da kəskin azalacağını təxmin edirlər. Ən azından Donald Tramp və onun tərəfdarları belə bir qanun layihəsi ilə çıxış edirlər və hesab edirlər ki, bu, sosial yükün də azaldılmasına gətirib çıxara bilər.
Ola bilər ki, məhkəmə qaydasında bu sərəncam qüvvəyə minməsin və nəticə etibarilə ABŞ Konstitusiyasının müvafiq müddəası qüvvədə qalsın.
Amma bu onu göstərir ki, miqrasiya mövzusu bu gün də çox aktualdır. Xüsusilə də son hadisələr fonunda, məsələn, Avropanın bir sıra dövlətlərində, o cümlədən İspaniyada baş verən hadisələr onu göstərir ki, artıq bəzi dövlətlər bundan nəticə çıxarmağa başlayırlar. Hətta ABŞ-də də vaxtilə Meksikadan gələn güclü miqrant axını ilə bağlı hansısa qabaqlayıcı tədbirlər həyata keçirilirdi. Bu gün isə doğum turizmi və ya doğum faktoru üzərindən vətəndaşlığın əldə olunması ilə bağlı məhdudiyyətlərin tətbiqinə dair sərəncamın imzalanması da həmin siyasətin tərkib hissəsi kimi qiymətləndirilə bilər.
Bu, təbii ki, ondan xəbər verir ki, bir çox dövlətlər İspaniyada baş verən hadisələrdən nəticə çıxarmağa çalışırlar. Mühafizəkar hökumətlər buna çox kəskin yanaşmaqla yanaşı, öz ölkələrində də radikal addımlar atmaqdan çəkinmirlər.
Amma istənilən halda, gözləyək görək, hüquqi müstəvidə bu sərəncamın qüvvədən düşməsinə nail olunacaq, yoxsa yox".
Milli məclisin üzvü bununla bağlı müəyyən dairələrin bu gün Trampın tərəfdarı qismində çıxış etdiyini deyib:
"Eyni zamanda, müəyyən dairələr də var ki, bunun əleyhinə çıxacaqlar. Burada demokratlar da kifayət qədər fəal olacaqlar. Çünki demokratlar üçün bu həm də siyasi rıçaqdır. Qarşıdan noyabr ayında aralıq seçkiləri gəlir. Demokratlar məhz bu faktordan istifadə edərək respublikaçıların əleyhinə siyasi kampaniya aparmağa çalışacaqlar.
Bu da bir daha onu göstərir ki, miqrasiya mövzusu seçkiqabağı kampaniyaların əsas prioritet mövzularından biridir. Burada miqrantların lehinə və ya əleyhinə olan istənilən narrativ seçkinin gedişatına və namizədlərin uğur qazanmasına birbaşa təsir edən amillərdəndir".