Trampın Azərbaycan-Ermənistan sülh prosesində iştirakı maraqlarımıza uyğundur - ŞƏRH

  • Lakin Azərbaycan bu əlaqələri gələcək əməkdaşlığın möhkəmləndirilməsi üçün fürsət kimi dəyərləndirməlidir

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində Azərbaycan Prezidenti İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda Azərbaycan və Ermənistan arasında sülhün təmin edilməsinə Amerikalı dövlət başçısının verdiyi töhfə ilə bağlı fikirlərinin yer aldığı məqaləni paylaşıb.

Məqalədə qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın rolunu unikal sülhsevər insan kimi yüksək qiymətləndirib. O bildirib ki, Trampın diplomatiyaya prinsipial şəkildə fərqli yanaşması Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişinin əldə olunmasında həlledici rol oynayıb və onun sözlərinə görə, Azərbaycan-ABŞ münasibətlərində misli görünməmiş yeni dövrün əsasını qoyub. Dövlət başçısı qeyd edib ki, əvvəlki ABŞ administrasiyaları uzun illər münaqişənin dondurulması siyasətini yürüdüblər, Tramp isə problemin həllinə yeni və prinsipial fərqli yanaşma nümayiş etdirib. İlham Əliyevin sözlərinə görə, bu proses eyni zamanda Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcını qoyub.

Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev Sherg.az-a bildirib ki, Prezident İlham Əliyevin Donald Tramp haqqında səsləndirdiyi müsbət fikirlər və Trampın anoloji cavabı Azərbaycan–ABŞ münasibətlərin bu günkü durumunun göstəricisidir.

 Azərbaycanla Amerika Birləşmiş Ştatları arasındakı əməkdaşlığın qarşılıqlı mənfəət, inam və etibar üzərində qurulduğunu vurğulayan V. Əfəndiyev bildirib ki, Donald Tramp həm ilk prezidentliyi dövründə, həm də sonrakı mərhələdə Azərbaycanla münasibətlərə ümumilikdə müsbət yanaşması ilə seçilib:

“Onun administrasiyası dövründə Cənubi Qafqazda Azərbaycanın maraqlarını nəzərə alan addımlar və bəyanatlar olmuşdur. Qarabağ məsələsində Tramp administrasiyası demokratlardan fərqli olaraq daha balanslı mövqe nümayiş etdirib. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı reallıqları nəzərə alan siyasət yeridib. Son dövrdə də Trampın Azərbaycan-Ermənistan sülh prosesində iştirakı və vasitəçilik təşəbbüsləri maraqlarımıza uyğundur. Lakin Azərbaycan bu əlaqələri gələcək əməkdaşlığın möhkəmləndirilməsi üçün fürsət kimi dəyərləndirməlidir. ABŞ-da xarici siyasət əsasən " dayanıqlı dövlətlərarası münasibətlər" hesabına qorunur. Buna görə də Respublikaçılarla yanaşı, Demokratlar Partiyası ilə də münasibətlərin normallaşdırılması və qarşılıqlı etimadın gücləndirilməsi vacibdir. Vaşinqtonda yalnız bir siyasi qüvvəyə bağlı siyasət uzunmüddətli perspektivdə risk yarada bilər. Donald Trampın ABŞ Konstitusiyasına əsasən üçüncü dəfə prezident seçilmək imkanı da son dərəcə məhduddur. Bu isti münasibətlərdən maksimum faydalanmaq üçün Azərbaycan tələsməlidir. Məhz buna görə Azərbaycan bugünkü müsbət bəyanatlardan eyforiyaya qapılmadan, milli maraqlara söykənən çevik və çoxşaxəli diplomatiyanı davam etdirməlidir. Əsas məqsəd ayrı-ayrı siyasətçilərlə deyil, Amerika dövləti və onun bütün siyasi institutları ilə etibarlı tərəfdaşlığı daha da gücləndirmək olmalıdır. Yalnız belə yanaşma Azərbaycan-ABŞ əlaqələrində davamlı sabit münasibəti təmin edə bilər”.