Trampın İranla bağlı qarşısında üç əsas seçim var - Beynəlxalq ekspertlər

ABŞ ilə İran arasında davam edən gərginlik fonunda beynəlxalq ekspertlər hesab edirlər ki, ABŞ Prezidenti Donald Trampın qarşısında üç əsas ssenari dayanır.

Sherg.az xəbər verir ki, birinci variant İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların başlanmasıdır. Ekspertlərin fikrincə, belə bir addım regionda münaqişənin daha da dərinləşməsinə və İranın Körfəz ölkələrindəki hədəflərə qarşı cavab zərbələrini artırmasına səbəb olacaq.

İkinci senari Tehrana qarşı hərbi və iqtisadi təzyiqlərin gücləndirilməsidir. Mütəxəssislər hesab edirlər ki, Vaşinqton bu yolla İranı ABŞ-nin şərtlərinə uyğun razılaşmaya məcbur etməyə çalışa bilər. Lakin bu halda İranın strateji əhəmiyyət daşıyan Hörmüz boğazı ilə bağlı daha sərt addımlar ata biləcəyi ehtimal olunur.

Üçüncü variant isə diplomatik yola üstünlük verərək İranın bəzi tələblərini qəbul etməkdir. Bəzi analitiklər hesab edirlər ki, uzunmüddətli qarşıdurmanın yaratdığı risklər Vaşinqtonu kompromisə getməyə vadar edə bilər.

Ekspertlər qeyd edirlər ki, hazırda ən real senari aşağı intensivlikli qarşıdurmaların davam etməsi və paralel şəkildə diplomatik danışıqların aparılmasıdır. Onların fikrincə, danışıqlar nəticəsiz qalacağı təqdirdə Yaxın Şərq yeni genişmiqyaslı müharibə təhlükəsi ilə üzləşə bilər.