Tsarukyan Paşinyandan üzr, təkzib və kompensasiya tələb edir

Ermənistanda “Çiçəklənən Ermənistan” partiyasının lideri Gagik Tsarukyan baş nazir Nikol Pashinyana qarşı məhkəmə iddiası qaldırıb.

Sherg.az xəbər verir ki, məlumata görə, Tsarukyan 28 may tarixində keçirilən brifinqdə Paşinyanın onun haqqında səsləndirdiyi ittihamların təkzib edilməsini və ictimai şəkildə üzr istənilməsini tələb edir. Baş nazir həmin çıxışında Tsarukyanı “cinayətkar”, “casus”, “agent” adlandırıb, həmçinin onun korrupsiya və digər qanunsuz əməllərdə iştirak etdiyini iddia edib.

İddiaçının vəkilləri bu açıqlamaların müxtəlif media orqanlarında və onlayn platformalarda yayımlanan rəsmi təkzib və üzr mətnləri ilə düzəldilməsini istəyirlər.

Bundan əlavə, Tsarukyan mənəvi ziyana görə 6 milyon dram (təxminən 16 min dollar) təzminat, təhqirlərə görə isə 3 milyon dram (təxminən 8 min dollar) tələb edir. O, həmçinin məhkəmə xərclərinin və vəkil xidmətlərinin ödənilməsini də istəyir.

Məhkəmə iddianı icraata qəbul edib.