Turnir növbəti illərdə Azərbaycanda keçirilə bilər
Türk dünyasında əməkdaşlıq və həmrəyliyin gücləndirilməsi istiqamətində son illərdə müxtəlif təşəbbüslər irəli sürülür. Bu təşəbbüslər yalnız siyasi və iqtisadi müstəvidə deyil, eyni zamanda idman sahəsində də özünü göstərir. Aprelin 4-də Türkiyənin Antalya şəhərində TÜRKPA-ya daxil olan dövlətlərin parlamentlərarası beynəlxalq futbol turniri də bu baxımdan diqqət çəkən addımlardan biri kimi qiymətləndirilir. Bu yarış ortaq dəyərlər ətrafında birləşmənin yeni formatını ortaya qoyur.
Qeyd edək ki, Azərbaycan turnirdə 2-ci yerdə qərarlaşıb.
"Lex Lawyer Now" platformasının qurucusu, Qırğızıstan millət vəkillərinin tərcüməçisi və turnirin təşkil edilməsində iştirak edən Artur Yangibayev fikirlərini və hisslərini Sherg.az-la bölüşüb: 
"Keçirilən millət vəkilləri arasında futbol yarışmasının məqsədi qardaşlığı möhkəmləndirmək, bütün sahələrdə birliyimizi və həmrəyliyimizi nümayiş etdirmək idi. Bununla yanaşı, Şimali Kipr Türk Cümhuriyyətinin də belə bir təşkilatda iştirak etməsi onlar üçün tanınma baxımından böyük üstünlük daşıdı. Onun bu cür tədbirlərdə yer alması Türk dünyası üçün də mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, həm masa arxasında, həm meydanda, həm də diplomatiyada birlik və bərabərlik məsələsini futbol turnirləri vasitəsilə möhkəmləndirmək uğurlu addımdır.
İlk oyuna Türkiyə ev sahibliyi etdi. Növbəti illərdə isə bu tədbirlərin davam etdirilməsi, indiyə qədər qatıla bilməyən digər türk dövlətlərinin də qoşulması ilə daha böyük bir turnir planlaşdırılır. Məsələn, gələcək illərdə bu yarışın Azərbaycanda, sonra Türkmənistanda, Qazaxıstanda və ya Qırğızıstanda keçirilməsi nəzərdə tutulur".
A.Yangibayev bildirib ki, əsas məqsəd bütün sahələrdə- qardaşlığı ön plana çıxararaq Türk dünyasının bir araya gəlməsini təmin etməkdir:
"İstər masa arxasında, istər meydanda, istər idmanda, iqtisadiyyatda və diplomatiyada- hər sahədə bir araya gəlmək lazımdır. Qeyd edim ki, bu yarış Türk Telekomun baş sponsorluğu ilə həyata keçirilib. Həmçinin parlament sədrlərinə və ölkə rəhbərlərinə təşəkkürümü bildirmək istəyirəm. Qatıla bilməyən ölkələri isə növbəti oyunlarda görməkdən şad olarıq. Bu təşəbbüsün davam etdirilməsi vacibdir".
Layihənin Türk dünyası baxımından çox uğurlu olduğunu söyləyən müsahibimiz bunun gələcəkdə Türk Dövlətləri Liqasının başlanğıcı olacağını vurğulayıb:
"Belə bir liqanın yaradılması istiqamətində atılan mühüm ilk addımlardan biridir. Bu, mənim də arzularımdan biridir. Bu oyun sadəcə başlanğıcdır və davam etdirildiyi təqdirdə hər mənada birlikdə daha güclü olacağıq. Buna bənzər olaraq, Ərəb Liqası, Afrika Liqası və digər müxtəlif liqalar mövcuddur. Lakin Türk dünyasına məxsus xüsusi bir liqa hələ ki, yoxdur. Bürokratik səviyyədə başladı, ümid edirik ki, gələcəkdə daha geniş miqyasda futbol oyunları davam edəcək".