Türk dünyası güclənir: Beynəlxalq sistemdə yeni güc mərkəzi formalaşır - ŞƏRH

Qırğızıstanın əldə etdiyi uğur yalnız diplomatik nailiyyət deyil, eyni zamanda Türk dövlətlərinin beynəlxalq platformalarda artan təsirinin simvolik göstəricisidir

Beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklər baş verir. Qərb mərkəzli dünya nizamının təsiri nisbətən azalır, inkişaf etməkdə olan ölkələr isə beynəlxalq təşkilatlarda daha çox təmsil olunmağa çalışırlar. Bu baxımdan Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının “Bu gün beynəlxalq sistemin çatlarından yeni səslər yüksəlir” fikri diqqət çəkir. O, Almaniyanın BMT Təhlükəsizlik Şurasına seçilmək üçün kifayət qədər dəstək ala bilməməsini və Qırğızıstanın ilk dəfə Şurada yer almasını qlobal güc balansında dəyişikliklərin göstəricisi kimi qiymətləndirir. Baxçalının Qərbin ikili standartlarına, Qəzza böhranına münasibətinə və Türk dünyasının artan nüfuzuna diqqət çəkməsi beynəlxalq sistemdə yeni siyasi reallıqların formalaşdığını göstərir.

Beynəlxalq Münasibətlər və Siyasət üzrə Mütəxəssis Dr. Burcu Dəmir Sherg.az-a beynəlxalq sistemdə baş verən dəyişikliklərdən, Qərbin təsirinin nisbətən azalmasından, inkişaf etməkdə olan ölkələrin və Türk dünyasının beynəlxalq arenada artan rolundan danışıb:

"Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına müvəqqəti üzvlük seçkilərində Almaniyanın gözlədiyi dəstəyi ala bilməməsi və Qırğızıstanın ilk dəfə Şurada təmsil olunması beynəlxalq sistemdə baş verən transformasiyanın diqqətçəkən göstəricilərindən biridir. Uzun illər ərzində qlobal siyasətdə müəyyənedici mövqedə olan Qərb aktorlarının təsirinin nisbətən azalması, yüksələn və inkişaf etməkdə olan ölkələrin beynəlxalq qərarqəbuletmə mexanizmlərində daha çox təmsil olunmaq tələblərinə zəmin yaradır. Dövlət Baxçalının açıqlaması da bu inkişafı Qərb mərkəzli beynəlxalq nizamın sorğulanması və Türk dünyasının artan imici kontekstində dəyərləndirir".

Analitik qeyd edib ki, Qəzza böhranı qarşısında Qərb dövlətlərinin mövqelərinə yönələn tənqidlər qlobal ədalət və təmsilçilik müzakirələrini daha da gücləndirib:

"Qırğızıstanın əldə etdiyi uğur yalnız diplomatik nailiyyət deyil, eyni zamanda Türk dövlətlərinin beynəlxalq platformalarda artan təsirinin simvolik göstəricisidir. Bununla yanaşı, qlobal güc balansındakı dəyişimin qalıcı olub-olmadığını qiymətləndirmək üçün daha uzunmüddətli inkişafları izləmək lazımdır. Lakin mövcud mənzərə beynəlxalq sistemin daha çoxqütblü və daha geniş iştiraklı quruluşa doğru təkamül etdiyini göstərir".

Siyasi Elmlər və Beynəlxalq Münasibətlər üzrə mütəxəssis Alihan Limoncuoğlu da Türk dünyasının gücləndiyini vurğulayıb:

"Bu gün əvvəllər orta ölçülü hesab edilən ölkələrin ön plana çıxdığını və daha əhəmiyyətli hala gəldiyini görürük. 

Əlbəttə, xüsusilə Qəzzada baş verən hadisələr çox insanı narahat edib. İsrailin ABŞ-nin dəstəyini arxasına alaraq həyata keçirdiyi soyqırımı insanların beynəlxalq siyasətə baxışını ciddi şəkildə dəyişdirib. 

Dövlət bəy də çıxışında bütün bunları açıq- aydın şəkildə söyləyib".