Türkiyə ilə Ermənistan arasında quru sərhədinin açılması iki ölkə arasındakı ticarət dövriyyəsini 1 milyard dollara qədər artıra bilər.
Sherg.az xəbər verir ki, bu qiymətləndirmə Türkiyənin "Yeni Şafak" qəzetində yer alıb.
Nəşrin məlumatına görə, ilkin mərhələdə Alican sərhəd-keçid məntəqəsinin açılması planlaşdırılır. Bunun artıq bu yay baş verməsi gözlənilir. Eyni zamanda, Qars vilayətində yerləşən Akyaka sərhəd-keçid məntəqəsinin fəaliyyətə başlaması üçün hazırlıq işləri davam etdirilir.
Qəzet qeyd edir ki, hər iki keçid məntəqəsinin açılması Ermənistan və Türkiyə arasında nəqliyyat-logistika və ticarət əlaqələrinin yenidən formalaşmasına imkan verəcək. Xüsusilə, yüklərin əhəmiyyətli hissəsi Gürcüstan ərazisindən tranzit keçmədən birbaşa daşına biləcək.
"Yeni Şafak"ın hesablamalarına görə, hazırda Ermənistanla Türkiyə arasında ticarət dövriyyəsi 300-350 milyon dollar səviyyəsindədir. Ticarətin əsas hissəsini tekstil və kimya məhsulları, ərzaq malları, eləcə də emal olunmamış qiymətli metallar təşkil edir.
Xatırladaq ki, 2023-cü ilin dekabrında Ermənistan Xarici İşlər Nazirliyi Ermənistan-Türkiyə sərhədində yerləşən “Marqara” nəzarət-buraxılış məntəqəsinin istismara tam hazır olduğunu bildirmişdi. Rəsmi İrəvan Ankaradan sərhədin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması ilə bağlı müsbət siqnallar gözlədiyini bəyan etmişdi.
Lakin tərəflər arasında daha əvvəl əldə olunmuş razılaşmalara baxmayaraq, Türkiyə tərəfdən quru sərhədi hələ də bağlı qalır.