Qəzzada uzun illərdir hərbi əməliyyatlarını davam etdirən İsrail Türkiyəni hədəf alan yeni addım atıb.
Sherg.az xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyinin cümə axşamı yaydığı açıqlamaya görə, xarici işlər naziri Gideon Saar qondarma "erməni soyqırımı"nın rəsmi şəkildə tanınmasına çağırıb. Bu addım beynəlxalq diplomatiyada yeni gərginlik mövzusu kimi qiymətləndirilir və Türkiyəyə yönəlmiş siyasi addım kimi şərh olunur.
İsrailin bu təşəbbüsü ABŞ Prezidenti Donald Trampın Türkiyəyə reaktiv mühərriklərinin satışının Konqresə rəsmi şəkildə təqdim olunmasından dərhal sonra gündəmə gəlib. Qərarın əsaslandırılmasında "geniş və qəti tarixi sənədlərə baxmayaraq, məsələnin başda Türkiyə olmaqla təşkilatlanmış inkar kampaniyasına məruz qaldığı" iddia olunub.
Məlumata görə, qanun layihəsi hökumətdə səsvermədən keçdikdən sonra İsrail parlamentinə (Knesset) təqdim ediləcək.
İsrail mətbuatının yazdığına görə, Türkiyə ilə münasibətlərdə yaşanan gərginlik bu mövqenin dəyişməsində rol oynayıb. Layihənin gələn həftə Knessetin gündəliyinə çıxarılması gözlənilir. Gideon Saarın açıqlamasına Türkiyə tərəfi hələlik rəsmi cavab verməyib.
İsrailin Baş naziri Benyamin Netanyahu ötən il iştirak etdiyi proqramların birində 1915-ci il hadisələri ilə bağlı ilk dəfə "erməni soyqırımı" ifadəsini işlətmişdi.
Bunun ardından Türkiyə Xarici İşlər Nazirliyi yazılı bəyanat yayaraq Netanyahunun bu açıqlama ilə öz cinayətlərini ört-basdır etməyə çalışdığını bildirmiş, bəyanatı qəti şəkildə rədd edərək sərt şəkildə pisləmişdi.