Türkiyə müharibəyə hazırdır: Ərdoğan İsraillə mümkün qarşıdurmadan danışdı

"Türkiyə kiminsə ona hücum etmək qərarına gələcəyi təqdirdə müharibədən yayınmayacaq".

Sherg.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraillə mümkün müharibə ilə bağlı suala cavabında bildirib.

“Biz müharibədən deyil, sülhdən danışırıq. Amma kimsə sülh üçün deyil, müharibə məqsədilə Türkiyəyə hücum etmək niyyətindədirsə, Türkiyə tərəddüd etmədən bu müharibəyə qoşulacaq və ondan yayınmayacaq. Bunu tam aydın və açıq şəkildə deyirəm”, – deyə Türkiyə lideri Al Jazeera telekanalına müsahibəsində bildirib.

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan “Məkkə Sazişi” barədə danışan Ərdoğan sənədin NATO Nizamnaməsinin 5-ci maddəsi prinsipi əsasında fəaliyyət göstərəcəyini qeyd edib.

“Əgər hər hansı problem yaranarsa və ya hücum baş verərsə, bu üç dövlət birlikdə zəruri addımları ata biləcək. Bu, Türkiyəyə, Səudiyyə Ərəbistanına və ya Pakistana qarşı təcavüz ola bilər – hansı ölkənin hücuma məruz qalmasından asılı olmayaraq. Bu üç dövlətdən birinə hücum edilərsə, aralarında kollektiv müdafiə haqqında saziş olduğu üçün hər üç ölkə istənilən təcavüzə qarşı bir-birini müdafiə edə biləcək”, – deyə Türkiyə lideri vurğulayıb.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp “Məkkə Sazişi”nin imzalanmasını alqışlayaraq, bunu Yaxın Şərq ölkələrinin həmrəyliyinin göstəricisi adlandırıb.

Avqustun 7-də Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan hərbi ittifaqın yaradılması haqqında pakt imzalayıb. Sazişə əsasən, tərəflərdən hər hansı birinə silahlı hücum onların hamısına qarşı hücum kimi qiymətləndiriləcək. Turkiye qəzetinin məlumatına görə, kollektiv müdafiə paktı kəşfiyyat məlumatlarının mübadiləsi və regional təhlükəsizlik sahəsində koordinasiyanı da nəzərdə tutur.