Türkiyə Prezidenti Ərdoğan Efiopiyaya səfərə gedib

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan rəsmi səfərlə Efiopiyanın paytaxtı Addis Ababa şəhərinə yola düşüb.

Sherg.az xəbər verir ki, Ərdoğan Addis-Abebada Efiopiyanın Baş naziri Abiy Ahmed Ali ilə görüşəcək.

İkitərəfli və nümayəndə heyətləri arasında keçiriləcək görüşlərdən sonra danışıqları başa çatdırılan müxtəlif saziş və sənədlərin imzalanma mərasimi keçiriləcək.

Prezident Administrasiyasının Kommunikasiya rəhbəri Burhanettin Duran sosial media hesabında Ərdoğanın səfərinin təfərrüatlarını paylaşmışdı.

Duran bildirib: “Cənab Prezidentimiz, Efiopiya Baş naziri Abiy Ahmed Alinin dəvətinə əsasən 17 fevral tarixində Addis-Abebaya səfər edəcək və bir sıra təmaslar keçirəcək. Səfər çərçivəsində danışıqları tamamlanan müxtəlif saziş və sənədlər də imzalanacaq.”

Ərdoğanın Efiopiya səfərindən əvvəl Birləşmiş Ərəb Əmirliklərinə də getməsi gözlənilirdi. Lakin Prezident Ərdoğanın BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyən ilə telefon danışığından sonra həmin səfər təxirə salınmışdı.