"Çünki o, İran milliyyətçiliyini gücləndirir, rejimi sərtləşdirir, küçələri radikallaşdırır"
Rıza Pəhləvinin Münhen Təhlükəsizlik Konfransına dəvət olunması strateji mesajdır
Münhen Təhlükəsizlik Konfransında baş verənlər, İranla bağlı Qərbin strateji yanaşmasında önəmli siqnalların verildiyini göstərir. İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi konfransa dəvət alıb. Onun spiker kimi çıxış etməsi gözlənilir. Eyni zamanda, bir müddət öncə İranın Xarici İşlər Naziri Abbas Əraqçiyə göndərilmiş dəvətin geri götürülməsi Qərbin artıq yalnız Tehran hakimiyyəti ilə deyil, alternativ aktorlarla da dialoq qurmaq niyyətində olduğunu göstərir. Bu kontekst, regionda Türkiyənin mövqeyini də xüsusi aktuallıqla önə çıxarır. Ankara həm İranın sabitliyini qorumaq, həm də regional tarazlığı saxlamaq strategiyasına sadiq qalır.
Türkiyənin Azərbaycandakı keçmiş Hərbi Attaşesi, ehtiyatda olan general Yücel Karauz Sherg.az-a açıqlamasında İranın son şahının oğlu Rıza Pəhləvinin Münhen Təhlükəsizlik Konfransına dəvət olunmasının yalnız simvolik deyil, həm də strateji mesaj olduğunu deyib:
"Eyni konfransda İran Xarici İşlər Naziri Abbas Araqçinin dəvətinin geri çəkilməsi isə Qərbin artıq rejimlə deyil, alternativ aktorlarla danışma mərhələsinə keçdiyini göstərir.
Qərb ilk dəfə açıq şəkildə deyir ki, “İran rejiminin gələcəyini artıq yalnız Tehranla müzakirə etməyəcəyik".
Bu, üç əsas hədəfi əhatə edir:
Rejim üzərində psixoloji təzyiq-Pəhləvinin Münhendə çıxışı İran daxili ictimaiyyətinə birbaşa mesajdır.
Müxalifətin leqitimləşdirilməsi-Sürgündəki fiqurlar “potensial keçid aktoru” kimi səhnəyə çıxarılır.
Ola biləcək keçid ssenarilərinə zəmin yaratmaq-
Bu, 2011-ci il Liviya və 2019-cu il Venesuela proseslərinə bənzər yumşaq rejim dəyişiklik hazırlığıdır".
General Türkiyənin kritik balans nöqtəsində olduğunu vurğulayıb:
"Bunu dörd istiqamətdə izah etmək olar. Birincisi, Türkiyə rejim dəyişiklik oyununun bir hissəsi ola bilməz. Ankaranın əsas refleksi: İranın parçalanmaması, dövlət strukturunun çökməməsi və sərhəd təhlükəsizliyinin qorunmasıdır.
Türkiyə Qərbin “kontrollü xaos” modelinə meyilli deyil. Çünki bunun nəticələri: qaçqın axını, PKK/PJAK-ın təsir gücünün artması, Azərbaycan-Naxçıvan xəttində həssaslıq, Cənubi Qafqaz və İraq cəbhəsində destabilizasiya ilə nəticələnə bilər.
İkincisi, Türkiyə özünü “Sakit vasitəçi+Regional tarazlıq qoruyucusu” rolunda görür.
Ankaranın ehtimal olunan strategiyası: ABŞ-İran arasında arxa kanal diplomatiyası, Körfəz-İran gərginliyini azaltmaq, Azərbaycan vasitəsilə şimal İran tarazlığı, İraq-Suriya xəttində təhlükəsizlik tamponu qurmaqdır.
Türkiyə səhnədə açıq söz demir, pərdəarxasında işləyir.
Üçüncüsü, Ankara Pəhləvi kartına məsafəli yanaşır.
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir. Çünki o, İran milliyyətçiliyini gücləndirir, rejimi sərtləşdirir, küçələri radikallaşdırır".
Buna görə Ankara Qərbin monarx fiqur üzərindən apardığı psixoloji əməliyyatlara qoşulmur.
Ekspert qeyd edib ki, dördüncü istiqamət Türkiyə üçün prioritetin enerji+ təhlükəsizlik+Azərbaycan xətti olmasıdır:
"Enerji-təhlükəsizlik perspektivindən baxsaq, Türkiyə üç əsas şeyi qorumağa fokuslanır: İran qaz kəmərini, Cənubi Qafqazda lojistik tarazlığı və Naxçıvan dəhlizinin təhlükəsizliyini.
Buna görə də Ankara İran üçün "çöküş" yox, “nəzarətli islahat” istəyir.
Ümumiyyətlə, Qərb İranda yumşaq keçid axtarır. Pəhləvi siyasi simvol olaraq səhnəyə çıxarılır. Münhen platforması psixoloji savaş alətinə çevrilir. Türkiyə isə nə İran rejiminin müdafiəçisidir, nə də Qərbin rejim dəyişdirmə planının bir alətidir".