Türkiyədə "Terrorsuz Türkiyə" hədəfi çərçivəsində hazırlanan "Milli Həmrəylik və İctimai Birliyin Gücləndirilməsi Haqqında" qanun layihəsi avqustun 5-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədrliyinə təqdim ediləcək.
Sherg.az xəbər verir ki, TBMM sədri Numan Kurtulmuş 12 maddədən ibarət qanun layihəsini imzalayıb. Layihənin sabah saat 10:30-da parlamentə təqdim olunacağı bildirilib.
Qanun layihəsi təqdim edilməzdən əvvəl AK Parti Qrupunun iclasında deputatlara məlumat veriləcək. Toplantıda AK Parti rəhbərliyi ilə yanaşı, MHP nümayəndələri də iştirak edəcəklər.
TBMM-nin daxili nizamnaməsinə əsasən, layihənin parlament sədrliyinə təqdim edilməsindən 48 saat sonra Ədliyyə Komissiyasında müzakirələrə başlanıla bilər. Komissiyada baxıldıqdan sonra sənəd parlamentin plenar iclasına çıxarılacaq.
Məlumata görə, qanun layihəsinin bu həftə qəbul olunması planlaşdırılır. Bu addım "Terrorsuz Türkiyə" məqsədi ilə bir il əvvəl yaradılmış Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyası çərçivəsində həyata keçirilən hüquqi prosesin növbəti mərhələsi hesab olunur.