Azərbaycanın ikiillik sədrliyi dövründə nəqliyyat əlaqələri, rəqəmsal iqtisadiyyat, yaşıl inkişaf və iqlim dayanıqlılığı sahələrində əməkdaşlığın təşviqinə, eləcə də AQEM-in gücləndirilməsinə yönəlmiş səylərini yüksək qiymətləndirir və Azərbaycanın sədrliyini davam etdirməsini alqışlayırıq.
APA xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.
O bildirib ki, Asiyada soyuq müharibə təfəkkürünə və bloklararası qarşıdurmaya yer yoxdur. Nazirin sözlərinə görə, regionda təhlükəsizlik ümumi, hərtərəfli, birgə və dayanıqlı təhlükəsizlik konsepsiyasına sadiqlik əsasında təmin oluna bilər.
Çinli nazir region ölkələrinin təhlükəsizliyinə hörmət edilməsinin, beynəlxalq istehsal və təchizat zəncirlərinin sabitliyinin qorunmasının vacibliyini qeyd edib. O, Hörmüz boğazı və Qırmızı dəniz də daxil olmaqla, mühüm dəniz marşrutlarında fasiləsiz hərəkətin təmin olunmasının əhəmiyyətini vurğulayıb.
Van İ Əfqanıstanda sabitliyin möhkəmləndirilməsi, humanitar yardımın göstərilməsi və inkişafın təşviqi üzrə regional əməkdaşlığın gücləndirilməsinə çağırıb. O, terrorizm və ekstremizmlə mübarizənin vacibliyini də qeyd edib.
Nazir iqtisadi inkişafın problemlərin həllində əsas rol oynadığını bildirərək “Bir kəmər, bir yol” təşəbbüsünün müxtəlif ölkələrin inkişaf strategiyaları ilə əlaqələndirilməsini, ticarət və investisiyaların genişləndirilməsini, beynəlxalq nəqliyyat dəhlizlərinin fasiləsiz fəaliyyətinin təmin olunmasını təklif edib.