Gürcüstanın daxili işlər nazirinin müavini Giorgi Sahokia Azərbaycana səfər edib.
Sherg.az-a xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Giorgi Sahokia Azərbaycan daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov ilə görüş keçirib.
Görüşdə iki ölkə arasında hüquq-mühafizə sahəsində mövcud tərəfdaşlıq və onun daha da dərinləşdirilməsi perspektivləri müzakirə olunub. Xüsusilə bu il noyabrın 21-də Azərbaycan və Gürcüstan Daxili İşlər Nazirlikləri arasında imzalanmış əməkdaşlıq sazişinin əhəmiyyəti vurğulanıb.
Tərəflər, həmçinin Azərbaycan və Gürcüstanın hüquq-mühafizə orqanları arasında əməkdaşlıq, polis attaşeləri institutunun gücləndirilməsi, eləcə də polis təhsili sahəsində əməkdaşlığın prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə polis akademiyaları arasında birgə təlim və kursların təşkili məsələləri də müzakirə olunub.
Görüşün sonunda Giorgi Sahokia Vilayət Eyvazova qonaqpərvərliyə və səmərəli əməkdaşlığa görə təşəkkür edib.