"Volt"a tutulan iradlar aradan qaldırılmalıdır - İqtisadçı

"Belə böyük xarici şirkətlərin bağlanılması sahibkarlıq fəaliyyətinə də mənfi təsir göstərəcək"


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bəzi saytlarda və sosial şəbəkələrdə “Volt Azərbaycan” MMC-nin fəaliyyətinin dayandırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Agentlikdən sorğuya cavab olaraq qeyd olunub ki, AQTA-nın rəsmi olaraq yaydığı məlumatda da bildirildiyi kimi, burada qərar qida məhsullarının çatdırılması (daşınması) zamanı aşkarlanmış nöqsanlarla əlaqədar konkret istiqamətləri əhatə edir. 

Agentlik bildirir ki, məhdudiyyət yoxlama zamanı konkret olaraq aşkar olunmuş qida məhsullarının istehlakçılara çatdırılması zamanı isti və soyuq zəncirin qorunmaması, məhsulların temperatur rejimi və mal qonşuluğu qaydalarının pozulması, nəqliyyat vasitələrində dezinfeksiya işlərinin aparılmaması, tələblərə cavab verməyən termoçantalarla həyata keçirilməsi, qida məhsullarının çatdırılmasında iştirak edən şəxslərin tibbi müayinədən keçməməsi kimi istiqamətlərini əhatə edir.

Bildiririk ki, ümumiyyətlə, qida zəncirinin bütün mərhələlərində qanunvericiliyin tələblərinə əməl olunmalıdır. Havaların anormal keçməsi bu məsələni daha da aktuallaşdırır. Xüsusilə isti yay aylarında qida məhsullarının daşınması, saxlanması ilə bağlı hər hansı bir qanunvericiliyin tələblərinin pozulması insan sağlamlığına ciddi fəsadlar yarada bilər. Agentlik bu istiqamətdə fəaliyyətini davam etdirəcək və nəzarət tədbirlərini daha da genişləndirəcək.

Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, tərəflər arasında razılıq əldə olunacağına ümidlidir: 

"Baxmayaraq ki, Agentlikdən “Volt Azərbaycan” MMC-nin fəaliyyətinin dayandırılması ilə bağlı xəbər verildi. Lakin "Volt" fatiki olaraq fəaliyyətini davam etdirir. Ümumiyyətlə, mən hər hansı bir ölkədə sahibkarlıq subyektinin fəaliyyətinin dayandırılmasını müsbət hal olaraq dəyərləndirmirəm. Sahibkarlıq subyektləri ölkə ərazisində böyük işə götürən bir subyektdirlər. Bu baxımdan ölkə ərazisindəki hər hansı böyük bir şirkətin fəaliyyətinin sonlandırılması xeyli sayda insanın kütləvi şəkildə işsiz qalması deməkdir. "Volt" olduqca böyük bir xarici çatdırılma şirkətidir. “Volt Azərbaycan” MMC-də də istər şirkətdaxili olsun, istərsə də kuryer olaraq xeyli sayda insan çalışır".

Ekspert qeyd edib ki, AQTA-nın nəzərdə tutduğu bu qayda pozuntularının aradan qaldırılması üçün şirkətə müəyyən bir vaxt verməsi çox yaxşı hal olar, nəinki bu məsələnin "Volt"un bağlanması ilə nəticələnməsi: 

"Ümumiyyətlə, bu cür daşıyıcı şirkətlərin xidmət sektorunun təkmilləşdirilməsinə müsbət təsirləri olduqca böyükdür. “Volt Azərbaycan” MMC ölkə ərazisində 2020-ci il pandemiya dövründə qida və xidmət sektorunun çöküşünün qarşısını alan bir şirkətdir. Digər tərəfdən, "Volt" rəsmi fəaliyyət göstərən şirkətlər, müəssisələrlə daha çox əməkdaşlıq edir".

E.Kərimli vurğulayıb ki, bütün bunlara baxmayaraq, əlbəttə ki, “Volt Azərbaycan” MMC AQTA-nın tələb etdiyi bütün öhdəlikləri yerinə yetirməlidir. Burada gigiyenik qaydalara riayət edilməlidir. Agentlik tərəfindən irad tutulan nüanslar aradan qaldırılmalıdır:

"Belə böyük xarici şirkətlərin bağlanılması sahibkarlıq fəaliyyətinə də mənfi təsir göstərəcək. "Volt", həmçinin ölkədə fəaliyyət göstərən digər xarici şirkətlərə də müsbət təsir göstərir. Bu gün "Volt" tərzində şirkətin doğru-dürüst alternativi olmadan şirkəti bağlamaq həmin şirkətlərin fəaliyyətinə də ağır zərbə olar".