Vüqar Bayramov: "İlin sonunadək 800 ailə Füzuli şəhərinə qayıdacaq"

Füzuliyə köç başladı

Avqustun 18-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Füzuli şəhərinə ilk köç karvanı yola salınıb. İndiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 23 ailə - 90 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq. Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər. Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. Püşkatmada 144 ailə iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 51-i ikiotaqlı, 76-sı üçotaqlı, 17-si dördotaqlı mənzil ilə təmin olunub. Yolasalma mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Prezidentin xüsusi nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər. Qarşıdakı günlərdə də Füzuliyə köç davam edəcək.
Füzulidən olan millət vəkili Vüqar Bayramov Qarabağ üçün tarixi günlərdən birinin yaşandığını deyib. Deputatın sözlərinə görə, Füzuli şəhərində məskunlaşma Qarabağa "Böyük Qaydış"ın başlanğıcıdır: "Bu gün 23 ailə yeni qurulan Füzuli şəhərində mənzil sahibləri oldular. Bu ay bütövlükdə 144 ailənin Füzuli şəhərinə qayıdacağı gözlənilir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuz 2020-ci ildə Füzuli şəhərini işğaldan azad edən zaman üçrəngli Azərbaycan bayrağını asmaq üçün dağıdılmamış bir tikili belə tapmamışdı. Ermənistan işğalı nəticəsində şəhər tamamilə dağıdılaraq xarabalığa çevrilmişdi. Artıq Füzuli şəhəri bərpa edilir və müasir standartlara uyğun olaraq yenidən qurulur. Qarabağın hava qapısı olan Füzuli şəhəri bu gün öz doğma sakinlərini qarşılayaraq yeni mərhələyə qədəm qoyur. Şəhərdə hazırda 38 binada tikinti-quraşdırma əməliyyatları sürətlə aparılır. İlin sonunadək 800 ailə Füzuli şəhərinə qayıdacaq. Bu ilin sentyabrında 30 ildən sonra ilk dəfə Füzuli şəhərində ilk zəng səslənəcək. Şəhərdə inşa edilən orta məktəb, demək olar, istifadəyə hazırdır. 2040-cı ilədək isə şəhərdə 50 min vətəndaşımızın məskunlaşacağı gözlənilir. Yeni şəhər işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş əraziyə malik olacaq. Növbəti 20 ildə əhali sayı 1993-cü il ilə müqayisədə 2.5 dəfə artacaq və Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr olacaq. Qarabağ yenidən qurulur və bərpa edilir. Tezliklə Qarabağ Azərbaycan iqtisadiyyatının əsas inkişaf lokomotivinə çevriləcək".