Xələf Xələfov: Vaşinqtonda əldə olunan razılaşmalar etimadın mümkün olduğunu göstərdi

Bu gün Ermənistanın və erməni xalqının tarixi məsuliyyəti düzgün qiymətləndirməsi, sülhün hüquqi öhdəliklər əsasında təsbit olunması üçün bütün zəruri addımları atması çox vacibdir.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Bakıda keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumunda çıxışı zamanı bildirib.

O qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq bərpa edib və bununla da münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qərarlarının icrasını təmin edib:

“İkinci Qarabağ müharibəsindən sonra məhz Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan regionda davamlı sülh yaratmağı təklif edib və bu istiqamətdə prosesin irəliləməsi üçün bütün real addımları atıb.

2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannamə və sülh sazişinin razılaşdırılmış mətninin paraflanması göstərdi ki, onilliklər boyu davam edən münaqişədən sonra belə qarşılıqlı etimad yaratmaq mümkündür.

Bu gün Ermənistan Respublikasının və erməni xalqının tarixi məsuliyyəti düzgün qiymətləndirməsi, sülhün hüquqi öhdəliklər əsasında təsbit olunması üçün bütün zəruri addımları atması çox vacibdir”.