2020-ci il Vətən müharibəsindən bəri Ermənistanın əraziləri mina ilə çirkləndirməsi nəticəsində 433 nəfər mina qurbanı olub.
APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” səhifəsində bildirilib.
Son hadisədə daha iki Azərbaycan vətəndaşının minaya düşərək ağır xəsarət aldığını diqqətə çəkən XİN beynəlxalq ictimaiyyəti Azərbaycana minalardan təmizləmə işlərinə daha güclü dəstək verməyə çağırıb.
“Bu faciə minaların insan həyatı üçün yaratdığı davamlı təhlükəni və günahsız insanların hər gün üzləşdiyi riskləri bir daha nümayiş etdirir. Minalardan təmizləmə işlərinin sürətləndirilməsi üçün beynəlxalq ictimaiyyətin daha güclü dəstəyinə təcili ehtiyac var. Minalardan azad gələcək dayanıqlı sülhün, inkişafın və insan təhlükəsizliyinin əsas şərtlərindən biridir”, - XİN-in məlumatında deyilir.
Qeyd edək ki, bu gün Ağdərədə mina partlayıb, 2 nəfər xəsarət alıb.