Yaxın Şərqdə böyük müharibə sadəcə təxirə salınıb - Keçmiş kontr-admiral "Şərq"ə danışdı

  • İran beynəlxalq təzyiqi azaltmağa kifayət edəcək qədər nəzarətli güzəştlərə gedəcək

Yaxın Şərqdə son dövrlər yaşanan hadisələr regionda təhlükəsizlik mühiti, diplomatik münasibətlər və güc balansı ilə bağlı müzakirələri gündəmə qalmağa davam edir. Xüsusilə ABŞ, İran və İsrail arasında formalaşan yeni geosiyasi vəziyyət, mümkün risklər və qarşıdakı dövrə dair gözləntilər beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. 

Keçmiş kontr-admiral, İstanbul Topqapı Universitetinin dossenti, Dr.Cihat Yaycı Sherg.az-ın regionla bağlı suallarını cavablayıb:

-ABŞ-İran münasibətlərinin hazırki vəziyyətini necə qiymətləndirirsiniz?

-ABŞ-İran münasibətləri bu gün etibarilə nə tam mənada müharibə, nə də həqiqi mənada sülhdür. Tərəflər isti toqquşmanı nəzarət altına almış kimi görünsələr də, əsas mübarizə diplomatiya masasında və vəkalət müharibələri üzərindən davam edir. İyun ayında əldə olunan razılaşma ilə nüvə nəzarətləri, sanksiyaların mərhələli şəkildə yumşaldılması və dəniz ticarətinin yenidən təhlükəsizliyinin təmin olunması istiqamətində addımlar atılıb. Lakin bu proses son dərəcə kövrəkdir. Hörmüz boğazı, Livan və İranın nüvə proqramı ilə bağlı tərəflər arasında ciddi fikir ayrılıqları davam edir.

-İranla bağlı proseslərdə İsrailin mövqeyi və mümkün strategiyası nədən ibarətdir?

-İsrail baxımından isə mənzərə fərqlidir. İsrail İranın iqtisadi baxımdan rahatlamasına və nüvə potensialını qoruyacaq hər hansı razılaşmaya strateji təhdid kimi yanaşır. Buna görə də Təl-Əvivin İranın regional nüfuzunu zəiflədəcək hərbi və kəşfiyyat fəaliyyətlərini davam etdirməsi gözlənilir. Xüsusilə Livanda Hizbullahın yenidən güclənməsinin qarşısını almağa yönəlmiş əməliyyatların davam etməsi yüksək ehtimal olunur. ABŞ administrasiyası daxilində də İran məsələsinə fərqli yanaşmaların olduğu görünür. Bu da Vaşinqtonun uzunmüddətli siyasətinin hələ tam şəkildə formalaşmadığını göstərir.

-Müharibə yenidən alovlana bilərmi? 

-Bəli, bu ehtimal tamamilə aradan qalxmış deyil. Lakin qısamüddətli perspektivdə tərəflərin birbaşa genişmiqyaslı müharibəyə üstünlük verəcəyini düşünmürəm. Çünki ABŞ seçki prosesinə və qlobal iqtisadiyyata zərər vuracaq yeni cəbhə açmaq istəməz. İran isə hərbi və iqtisadi baxımdan yenidən toparlanmağa ehtiyac duyur. Bununla yanaşı, Hörmüz boğazında baş verəcək böhran, İsrail-Hizbullah xəttində genişmiqyaslı toqquşma və ya İranın nüvə fəaliyyəti ilə bağlı yaranacaq yeni gərginlik regionu yenidən isti qarşıdurmaya sürükləyə bilər. İranın Hörmüzdəki beynəlxalq təşəbbüslərə məsafəli yanaşması bunun nə qədər həssas tarazlıq olduğunu göstərir.

-Regionun gələcəyi ilə bağlı proqnozlarınız varmı?

-Mənim proqnozum belədir ki, qarşıdakı bir neçə ay ərzində ABŞ ilə İran arasında danışıqlar davam edəcək, lakin tam etimad mühiti formalaşmayacaq. İsrail İranın regional təsirini məhdudlaşdırmaq məqsədilə birbaşa deyil, daha çox vəkil qüvvələr və hədəfyönlü əməliyyatlar vasitəsilə təzyiqini davam etdirəcək. İran isə beynəlxalq təzyiqi azaltmağa kifayət edəcək qədər nəzarətli güzəştlərə gedəcək. Yaxın Şərqdə böyük müharibə ehtimalı tamamilə aradan qalxmayıb, sadəcə təxirə salınıb.

Bu gün yaşananlar qalıcı sülhdən daha çox, tərəflərin yenidən mövqe tutduğu strateji atəşkəs təsiri bağışlayır. Yaxın Şərqdə güc balansı yenidən formalaşarkən, Türkiyənin həm diplomatik, həm də hərbi hazırlığını ən yüksək səviyyədə davam etdirməsi böyük əhəmiyyət daşıyır.