Türkiyə-Səudiyyə-Pakistan ittifaqına daha bir nəhəng ölkə qoşula bilər
Prezident Ərdoğanın işgüzar səfəri çərçivəsində bu gün Səudiyyə Ərəbistanına yollanıb.
Ankaradakı təhlükəsizlik mənbələrinə istinadla yayılan məlumata görə, O, Türkiyə lideri Səudiyyə Ərəbistanının Ciddə şəhərində Pakistanın baş naziri Şahbaz Şərif və Səudiyyə şahzadəsi Məhəmməd Bin Salmanla görüşəcək. Görüşdə 3 müsəlman dövləti arasında müdafiə paktının imzalanacağı gözlənilir.
Türkiyə mediasının məlumatına görə, müdafiə müqaviləsi tərəflərin aylarla davam edən danışıqlarının və diplomatik səylərinin nəticəsidir. İmzalanacaq sənəd regionda sülhün və sabitliyin qorunması istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Sherg.az xəbər verir ki, üçtərəfli müdafiə müqaviləsini şərh edən siyasi şərhçi Heydər Oğuz bu müqavilənin indi - ABŞ-İran gərginliyinin getdikcə artdığı, Hörmüz boğazında və Qırmızı dənizdə tranzit keçişlərinin pozulduğu bir zamanda imzalanmasının təsadüfi olmadığını deyib. Onun sözlərinə görə, "uzun müddətdir müzakirə olunan müqavilənin imzalanmasını regiondakı son hadisələr daha da sürətləndirib: 
"Ciddə görüşündə Pakistan Ordusunun Baş Qərargah rəisi feldmarşal Asim Munirin də iştirakı gözlənilir. Bir müddət əvvəl İranla ABŞ arasında danışıqların əsas vasitəçisi olan Munirin Səudiyyə Ərəbistanı ilə yaxın əlaqələri var. O, hələ 2010-cu illərdə ölkəsinin Səudiyyə Ərəbistanı səfirliyində atteşe vəzifəsində işləyərkən kral ailəsi ilə yaxın təmaslarda olmuş və 2014-cü ildə bu vəzifədən ayrıldıqdan sonra mayor rütbəsindən generallığa yüksəlmişdi. Böyük ehtimalla, bu sıçrayışlı yüksəlişində Səudiyyə himayəsinin də böyük rolu olmuşdu. Ötən ilin may ayında Hindistanla Pakistan arasında yaşanan müharibədə qazandığı qələbə münasibətilə Baş nazir Şahbaz Şərifin fərmanı ilə feldmarşal rütbəsinə layiq görülən Asim Munir hazırda ölkəsinin əsas söz sahibi kimi tanınır və o, nüvə dövləti olan Pakistanın Səudiyyə Ərəbistanı ilə bu möhkəm əlaqələrinin qarantına çevrilib.
Asim Munirin İranla da münasibəti pis deyil. Ənənəvi sünni ailəsində dünyaya göz açan, ilk təhsilini Dar-ül-Təcvid mədrəsəsində alan Munir şiələrin daha çox istifadə etdiyi seyid ünvanını daşıyır və bu, onun rəsmi adında da öz əksini tapıb: Seyid Asim Munir Əhməd Şah. Bir çoxları daşıdığı seyid ünvanına görə hətta onu şiə sayırlar. Rəsmi tərcümeyi-halında isə Asim Munir ənənəvi sünni olaraq göstərilir. Bununla belə, Asim Munirin həyat yoldaşının şiə ailəsinin üzvü olduğu vurğulanır. Bir sözlə, Asim Munir İslam dinin bu iki antoqonist məzhəbini öz həyatında birləşdirməyi bacaran şəxsiyyətlərdəndir. Sözsüz ki, bu xüsusiyyəti İranla aparılan danışıqlarda da faydalı olmuşdur.
Bütün bunlara baxmayaraq, İranla Səudiyyə Ərəbistanı və körfəz ölkələri arasında ziddiyyətlər get-gedə pisləşir. Bu ziddiyyətlərə vaxtında çarə tapılmasa, gərginliyin böyük savaşa çevrilməsi ehtimalı da var. Məhz belə bir zamanda Səudiyyə Ərəbistanı çox ümid bəslədiyi ABŞ-dan da arzu etdiyi dəstəyi ala bilmir. Başı özünün seçkilərinə və İsrailin müdafiəsinə qarışan ABŞ-ı əvəz edəcək yeganə güc mərkəzi Səudiyyə Ərəbistanı və Türkiyə ilə müştərək hərbi ittifaqdır".
H. Oğuz hesab edir ki, bu ittifaq Türkiyəyə və Səudiyyə Ərəbistanına da lazımdır: "Səudiyyənin pulu, Türkiyənin müasir hərbi texnologiyası və Pakistanın əsgəri gücü rəsmi Riyadın ətrafında təhlükəsizlik çətiri yarada bilər. Hər halda ötən il Pakistanla Hindistan arasında baş verən müharibədə Türkiyənin yaxından iştirakı münaqişənin taleyini həll etmiş və Yeni Dehlini yerində oturtmağı bacarmışdı. Yaxın zamanlarda bu ittifaqa Misirin qoşulması da istisna deyil və bu 4-lü ittifaq regionun qədərini müəyyənləşdirə bilər. Yeri gəlmişkən, qeyd edim ki, İran tərəfindən dəstəklənən Husilərin Babül-Məndəb boğazını bağlaması Süveyş kanalını da ofsayt vəziyyətinə salır və bu da Misirin maraqlarını təhdid altında qoyur. Məhz bu səbəbdən Misirin bu ittifaqa qoşulmamaq kimi bir şansı yoxdur".